Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirə keçirib.
İlham Əliyevin müşavirədəki çıxışı postmünaqişə dövründəki əsas vəzifələri müəyyən edən yeni istiqamətlər verir, beynəlxalq təşkilatlarla təmasların artırılmasını və qonşu ölkələrlə münasibətlərin aspektlərini özündə ehtiva edir.
Beynəlxalq təşkilatlar Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığı qəbul edib və Bakı təmaslarını bu tezis əsasında inkişaf etdirir.
Bu yaxınlarda BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbirin keçirilməsi də yeni reallığın mötəbər təşkilat tərəfindən tanınmasının göstəricisidir.
Qoşulmama Hərəkatına gəlincə, həm müharibədən əvvəl, həm 44 günlük Vətən müharibəsində, həm də postmünaqişə dövründə Azərbaycanla həmrəyliyini nümayiş etdirib.
İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə ədalətli, Azərbaycanın mövqeyini əks etdirən qərar-qətnamələr qəbul edib.
ATƏT – o da yeni reallıqları tam qəbul edib. Qarşıdan gələn dövrdə ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi vətəndaş cəmiyyəti, media nümayəndələri, digər ictimai rəyə nüfuz edə bilən şəxslər vasitəsilə bu format çərçivəsində Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında rol oynaya bilər.
ATƏT-in Minsk qrupu, onun həmsədrlər formatı qeyri-funksional vəziyyətdədir və hər-hansı qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz.
Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur.
Ermənistanın mövqeyində də Azərbaycanın maraqlarına yaxınlaşma hiss olunur, daha doğrusu, Bakının şərtləri altında İrəvanın bu mövqeyə gəldiyini söyləyə bilərik.
Azərbaycan daha da güclənəcək. Ermənistanın inkişafı isə onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq.
Prezident İlham Əliyev müşavirədə deyib:
“Əlbəttə, gələcəyə baxdıqda mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcək. Ermənistanın isə inkişafı onun özündən, qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, – baxmayaraq ki, torpaqlarımız işğal altında idi, – tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır”.
İlham Əliyev bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmasının vacibliyinə də diqqət çəkib.
Azərbaycan beynəlxalq təmaslarını davam etdirəcək və bunun paralelində öz ordusunu daha da gücləndirəcək.
İlham Əliyev bildirib:
“Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir.
Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək.
Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq.
Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır”.
NƏTİCƏ: Ermənistan Azərbaycanın şərtlərini qəbul edir, bu, Brüssel görüşündə aydınlaşıb. Bundan sonrakı proseslər Azərbaycanın beş maddəlik baza prinsipləri üzərində bərqərar olacaq.
Aqil Vəlili