“Prezident İlham Əliyevin Laçına səfəri və Laçın rayon mərkəzində Azərbaycanın üçrəngli bayrağını qaldırması tarixi hadisədir”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, Laçın şəhərinin tamamilə düşməndən təmizlənməsi qısa müddətdə burada məskunlaşmanın təmin edilməsi baxımından çox ciddi bir addımdır.
Prezident İlham Əliyevin Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdiyini vurğulayan deputat hesab edir ki, həmin mesajlar Ermənistan tərəfindən diqqətlə dinlənilib. M.Quliyev ağıllı ermənilərin bunlardan dərs götürəcəklərinə ümid etdiyini bildirib.
Deputat həmçinin Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi sentyabr təxribatlarından və Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki ölkənin götürdüyü öhdəliklərdən də söz açıb. Ermənistanla Azərbaycan arasında sərhədlərin hələ ki, müəyyənləşmədiyini xatırladan M.Quliyev bildirib ki, Azərbaycanı Ermənistan tərəfinə keçib sərhədləri pozmaqda ittiham etmək heç bir hüquqa və ədalətə sığmır:
“Belə olan halda Azərbaycan Ordusunun Ermənistan sərhədlərini pozması barədə ittihamlar irəli sürmək nə qədər doğrudur?! 2020-ci il 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatda sərhədlərin müəyyənləşməsi tərəflər üçün bir öhdəlik kimi qoyulub. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Lakin Ermənistan tərəfi bu günə qədər keçirilən bütün görüşlərdə tələblərlə razılaşdığını bildirsə də, öz vədlərinin arxasından qaçıb. Digər tərəfdən Prezident İlham Əliyevin çıxışında xəritələrlə bağlı fikirlər xüsusi diqqəti çəkən məqamdır. Belə ki, XIX-XX əsr xəritələri əlimizdədir və bu xəritələrin heç birində sözügedən ərazilərin Ermənistan əraziləri kimi göstərilməsi faktı yoxdur. Ona görə də Ermənistanın və bəzi ermənipərəst qüvvələrin Azərbaycana qarşı ittihamlar irəli sürməsi heç bir hüquq normalarına uyğun gəlmir. Azərbaycan qalib olmasına baxmayaraq, ilk sülh çağırışı ilə çıxış edən tərəf olub və iki ilə yaxındır ki, bu təşəbbüsün üzərində qalırıq. Bəs Ermənistan və yenidən özünü reanimasiya etməyə çalışan Minsk qrupu niyə indiyə qədər bu təşəbbüsə öz töhfəsini verməyib?”
Milli Məclisin deputatı vurğulayıb ki, əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycanı heç nədə ittiham edə bilməz:
“Azərbaycan həyata keçirdiyi bütün əməliyyatlarda erməni təxribatının qarşısını almaq üçün bu addımları atıb. 12-13 sentyabr hadisələri də Ermənistan üçün dərs olmayıbsa, onlar çox ciddi şəkildə cəzalandırıla bilərlər. Unutmasınlar ki, Azərbaycan Ordusu onlara İrəvanın özündə də dərs vermək gücünə malikdir”.