“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına beynəlxalq hüquq normaları çərçivəsində dəstək verir. Avropa İttifaqı Azərbaycanın 5 maddədən ibarət təklif əsasında sülh müqaviləsinin imzalanmasına, xüsusilə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası prosesinə dəstək ifadə edir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bitərəf, qərəzsiz və konstruktiv mövqe nümayiş etdirməsi təqdirəlayiqdir.
“Bu ilk növbədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin ölkəmizə qazandırdığı önəmli uğurlardan biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasında Avropa İttifaqının dəstək göstərməsi barədə razılığın əldə olunması Azərbaycan üçün böyük önəm daşıyır. Bu, Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlığın tezliklə təcrübədə də öz nəticələrini verəcəyinə işarə edir”, – deyə Nurlan Həsənov əlavə edib.
Deputat bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə sülhün əldə olunması istiqamətində əldə olunan bu ilkin uğurlar ATƏT-in Minsk qrupunun 30 ildəki fəaliyyətinin səmərəsizliyini bir daha sübut edir.
Millət vəkilinin fikrincə, bu addımlar Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına dair ümidləri də artırır.
“Cənab Prezident İlham Əliyevin başlıca hədəfi və tələbi məhz ölkələr arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və gələcəkdə heç bir ərazi iddiasının olmamasıdır. Bu tələb beynəlxalq hüquq normalarına tam uyğun olmaqla, sülh içərisində yaşamaq istəyən və həqiqətən sülhü arzulayan hər bir dövlət üçün qəbulediləndir. Azərbaycan multikultural ölkədir və digər millətlərin nümayəndələri kimi erməni əsilli insanlar da sülh içərisində Azərbaycanda yaşaya bilərlər. Lakin bunun üçün Ermənistan ilk öncə beynəlxalq hüquqa hörmətlə yanaşmalı, separatizmdən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir”.
Nurlan Həsənov qeyd edib ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir.
“Avropa İttifaqı üçün Azərbaycan hər zaman etibarlı tərəfdaş olub. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qurulub. Bu platforma daxilində Brüssel gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsas götürülməklə qurulmasında və Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün qorunmasında daha güclü dəstəyini verə bilər”, – deyə Nurlan Həsənov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında görüş aprelin 6-da Brüsseldə keçirilib.
Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə baş tutub.
Şarl Mişel görüşün nəticələrinə dair bəyanat yayıb.
Aqşin Kərimov