Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Rəsmi məlumatlardan çıxarış etsək, Putin Paşinyanla müzakirələr apardıqdan sonra İlham Əliyev Rusiya liderinə zəng edib.
Putinin eyni gündə həm Əliyev, həm də Paşinyanla müzakirə aparmasının səbəbləri sırasında Brüsseldə əldə edilmiş razılıqlardan irəli gələcək gedişatlara dair mövqeləri öyrənmək dayanır.
Mümkündür ki, Rusiya Avropa İttifaqının üstün vasitəçilik təşəbbüslərinin dərəcəsini azaltmağa çalışır.
Bu mənada yaxın zamanlarda Əliyevlə Paşinyanın Moskvanın təşəbbüsü ilə yenidən danışıqlar masasına əyləşəcəklərinə dair ehtimal yaranır.
Bu, Azərbaycan üçün xeyirlidir, çünki sülhyaratma prosesindəki vasitəçilik üçün rəqabət Bakının əlinə işləyir, onsuz da bütün tərəflər bilirlər ki, İlham Əliyev öz sözünün üstündə axıra qədər dayanacaq və prinsipiallığından əl çəkməyəcək.
Artıq reallığın dərkinə dair təsvirlər Qərbdə də, Rusiyada da mövcuddur və Azərbaycan dövlətinin Ermənistana hər-hansı güzəşt edəcəyi gözlənilən deyil.
İstənilən halda, Brüsseldə əldə edilmiş razılıq – istər üzdə olanlar, istərsə də, məxfi saxlanılanlar – Kremli üçtərəfli bəyanatların icrasına təşviq edir. Putinin istər Əliyevlə, istərsə də Paşinyanla müzakirə predmetlərində üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparması həmin fikri gücləndirir. Ancaq 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarının əməli müstəvidəki icrasında Rusiyanın mövqeyində hansısa axsamalar olacağı da istisna deyil.
Aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupunun həmsədr institutunun “dəfni” barədə dedikləri fonunda da Putinin mövqeyi önə çıxır.
Rusiya əslində həmin bəyanatla özünün proseslərdəki təsirini genişləndirməyi qarşıya məqsəd qoyur, ancaq Azərbaycan öz ərazilərinin tərəflərin rəqabət meydanına çevrilməməsi üçün israrlı mövqe nümayiş etdirir.
Putinin Paşinyanla söhbətinə gəlincə, yəqin ki, Rusiya lideri Ermənistan baş nazirinin nəbzini yoxlamaqla onun səmimi olub-olmadığını öyrənib.
Daha sonra İlham Əliyevlə müzakirə zamanı isə Putin İrəvanın öhdəliklərin icrasında bundan sonrakı rolu barədə Azərbaycan tərəfini məlumatlandırıb.
NƏTİCƏ:
1. İlham Əliyevlə Nikol Paşinyanın yeni görüşü təşkil oluna bilər;
2. Rusiya üçtərəfli bəyanatların icrasında maraqlıdır, bu, həm də onun Türkiyə ilə isti münasibətlərindən qaynaqlanır;
3. İstənilən halda prosesdən Azərbaycan qazanclı çıxacaq.
Aqşin Kərimov