• Ca. Noy 28th, 2024

“İlham Əliyev ermənilərin 200 illik “Böyük Ermənistan” planlarını darmadağın etdi” – RƏY + FOTO

ByYenigun.news

Sen 23, 2023


“Prezident İlham Əliyev ermənilərin 200 illik “Böyük Ermənistan” planlarını darmadağın etdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O söyləyib ki, Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri həyata keçirməklə ermənilərin “Böyük Ermənistan” yaratmaq planlarına nöqtə qoyub:

“Ermənilərin “Böyük Ermənistan” planları son 200 ildə regionda sabitliyin yaranmasına imkan verməyib. Onlar zaman-zaman qonşu ölkələrin ərazilərini müxtəlif yollarla işğal edib və özlərinə dövlətçilik quraraq ərazilərin genişləndirilməsinə nail olublar. 100 il əvvəl Azərbaycanın Qərbi Zəngəzur ərazilərini özününküləşdirən Ermənistan bu illər ərzində qonşuları Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürdü. Amma bu dövlət Azərbaycan əraziləri üzərində qurulub”.

Deputatın sözlərinə görə, Ermənistanın 60-70 il əvvəlki toponimlərini araşdıranda məlum olur ki, bütün ərazi və yaşayış məntəqələrinin adları azərbaycanlılara məxsusdur:

“Ermənistan bəzən azərbaycanlı adları dəyişdirərək erməniləşdirib. Ermənistan 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edəndə bu ərazilərdəki yaşayış məntəqələrinin adlarını yenə dəyişərək erməniləşdirmiş, məqsədlərinin isə dənizdən-dənizə qədər “Böyük Ermənistan” qurmaq olduğunu açıqlayaraq, yeni ərazilər uğrunda yeni müharibələr etmək arzusuna düşmüşdü.

İlham Əliyev Prezident seçiləndən sonra ermənilərin arzuları ürəklərində qaldı. Çünki Prezident İlham Əliyevin vətəninə, torpağına olan böyük sevgisi, ölkənin milli maraqlarını hər şeydən üstün tutması və regionun tarixini yaxşı bilməsi, beynəlxalq siyasət və diplomatiya sahəsində peşəkar olması düşmənləri bütün platformalarda tərksilah etməsinə və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına yol açdı. Bununla da ölkədə milli birlik və həmrəylik güclənir, iqtisadi və siyasi müstəqillik təmin olunur və müasir ordu yaradılır. Beləliklə, Azərbaycan 2020-ci ildə sözünü demiş, öz gücünü düşmənlərə göstərməklə Ermənistanın “Böyük Ermənistan” ideyasını cəhənnəmə göndərmiş oldu”.

“Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan azad edə bildi. Torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədlərin nəzarətə alınması heç də daxildə qara yara kimi qalmış erməni separatizmi problemini bitirməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi “Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm” ifadəsinin doğruluğunu zaman sübut etdi”, – deyə Milli Məclisin üzvü xatırladıb.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev müharibənin başa çatdığı üç ilə yaxın bir zamanda beynəlxalq müstəvidə məsələləri çox diplomatik formada tənzimləyib və sentyabrın 19-da ermənilərin törətdiyi mina terrorunun cavabı olaraq antiterror tədbirlərinin keçirilməsinə tapşırıq verib:

“Ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistan uzun illər xain fikirlərini özündə yaşatdığına görə bir daha məğlubiyyətə düçar oldu. Ermənistanın “Böyük Ermənistan” xülyalarına birdəfəlik nöqtə qoyuldu. Azərbaycan hər zaman “Qarabağ Azərbaycandır!” deyirdi, lakin separatçılar bu ərazilərdə qondarma dövlətlər qurur və müxtəlif şoular düzəldərək beynəlxalq ictimaiyyəti yalan məlumatlara inandırmağa çalışırdı.

Yalanın ayaq tutub yerimədiyini zaman bir daha sübut etdi. Bu gün Azərbaycan erməni separatizminin yuvasını dağıtmaqla özünün bütün suverən ərazilərində konstitusion dövlət quruluşunu bərpa edib. Azərbaycan bu illər ərzində təkcə Ermənistana qarşı vuruşmayıb, həm də Ermənistanı dəstəkləyən böyük güclərə qarşı mübarizə apararaq qalib gəldi və öz ədalətli haqqını bərpa etdi. Dünyada Azərbaycan kimi ədaləti öz gücü ilə bərpa edən dövlətlər çox azdır. Biz bu imzanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atdıq. Biz öz torpaqlarımızı azad etməklə ermənilərin region ölkələrinə olan ərazi iddialarını da məhv etmiş olduq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir