“Müstəqil dövlətimizin gücü və qüdrəti, Ali Baş Komandanımızın qətiyyəti və strateji qərarları hesabına “Dağlıq Qarabağ Respublikası” layihəsini birdəfəlik və həmişəlik tarixin zibilliyinə göndərdik”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O söyləyib ki, Azərbaycan ərazisində dövlətçiliyimizin əsaslarını laxlatmaq üçün yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” (DQR) ləğv edilməsi mühüm əhəmiyyətli tarixi hadisədir:
“Çünki belə bir qurumun yaradılmasının 200 illik siyasi-ideoloji, 100 illik isə siyasi-hüquqi əsasları vardı. Bu əsaslar Azərbaycanı daim təzyiq altında saxlamaq, itaət etmədikdə onu cəzalandırmaq və daha da kiçiltmək üçün yaradılmış xüsusi strateji layihə əsasında formalaşdırılmışdı”.
Deputat xatırladıb ki, 1828-ci ildən sonra Azərbaycanın ərazisinə, xüsusən onun Türkiyə ilə sərhəd qərb hissəsinə Yaxın Şərqdən və İrandan ermənilərin köçürülməsi Azərbaycan ərazisində Ermənistan adlı süni dövlətin yaradılması ilə başa çatdırılıb. Eyni zamanda, 1923-ci ildə Azərbaycan ərazisində daim münaqişə ocağı kimi “DQR” yaradılıb:
“Elə bunların nəticəsi idi ki, 30 il torpaqlarımız işğal altında qaldı. Hazırda isə Zəngəzur dəhlizi, Qərbi Azərbaycan problemlərini yaşayırıq. Ancaq Azərbaycan Müzəffər Ali Baş Komandanımızın və onun qurduğu güclü ordumuzun sayəsində Azərbaycanı parçalayaraq onu Cənubi Qafqazın siyasi coğrafiyasından silmək istəyənlərin 200 illik planlarını cəmi 44 gündə darmadağın etdi. 2020-ci il sentyabr ayının 27-də başlayan tarixi zəfərimiz 2023-cü il sentyabr ayının 20-də hər qarış ərazimizdə suverenliyimizin bərpası ilə sona çatdı”.
O vurğulayıb ki, bu tarixi-siyasi marafon dövlətçilik tariximizə əbədi zəfər kimi yazılıb:
“Bu tarixi zəfərimizin hərbi-siyasi memarı isə Prezident İlham Əliyevdir. Hələ 1923-cü ildə heç bir etnomədəni və sosial-iqtisadi zərurət olmadan Azərbaycan ərazisində “DQR” adlı qurumun yaradılması xüsusi məqsədlə edilmişdi. Bu dövlətçiliyimizin təməlləri altına qoyulmuş uzunmüddətli mina idi. Onu nə vaxt partlatmağın vaxtını isə Azərbaycana öz müstəmləkəsi gözü ilə baxan imperiya bilirdi. Nəhayət, əliqanlı Mixail Qorbaçov 1991-ci ildə hesab etdi ki, bu minanı partlatmağın vaxtı çatıb. Qarabağ münaqişəsi adlandırılan etnik separatçılıq hadisəsi də elə o vaxtdan başladı”.
H.Babaoğlu vurğulayıb ki, az qala bütün dünyanın dəstəklədiyi bu anti-Azərbaycan layihəsi 30 il davam edib:
“Bu prosesdə daha 7 rayonumuzu itirdik. Beynəlxalq hüququn nə qədər tutarsız, beynəlxalq münasibətlər sisteminin və siyasətin nə qədər ikiüzlü olduğunu öyrəndik. Ancaq bütün bunlara baxmayaraq, sonda müstəqil dövlətimizin gücü və qüdrəti, Ali Baş Komandanımızın qətiyyəti və strateji qərarları hesabına “DQR” layihəsini birdəfəlik və həmişəlik tarixin arxivinə göndərdik. Xalqımızı və gələcək nəsillərimizi əcdadımızdan bizə miras qalan bu ağır yükdən xilas etdik”.