• C. Noy 29th, 2024

İlk Azərbaycan Yüksəliş Forumu baş tutub

ByYenigun.news

Yan 31, 2024


8 yanvar 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində ilk Azərbaycan Yüksəliş Forumu baş tutub. Forum “Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.

Forum “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub. “Yüksəliş” müsabiqəsi iştirakçıları “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunan Forumun sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər.

Bundan əlavə, “Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını və bu məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hər zaman hazır olduqlarını vurğulayıblar.

Hazırda Azərbaycanda modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Bu isə 20 ildir davam edən və davamlılığını qoruyan bir prosesdir. Ötən illərdə ölkəmizin təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı dəyişikliklərin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi məhz İlham Əliyevin təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət başçısının son illərdə imzaladığı sərəncamlar, o cümlədən dövlət proqramları ilə dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması hökumətin kadr inkişafı üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin İKT ilə təmini proqramı (2005-2007-ci illər)”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı”, o cümlədən, 2009-cu ildə ölkə Prezidentinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı Sərəncam ölkə Prezidenti İlham Əliyevin təhsilə və insan kapitalına verdiyi dəyərin göstəricisi olan nümunələrdir. 

Ölkəmizdə son illərdə reallaşdırılan təhsil siyasətinin əsasında da daha keyfiyyətli insan kapitalının formalaşdırılması dayanır ki bu da özünü Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaratmış, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrların hazırlanmasına dəstək olmuşdur. Bu mənada, “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Mühüm dövlət sənədi əsasında hazırlanan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ən müasir təcrübə və biliklərin inteqrasiyasına əlverişli zəmin yaratmaqla ölkəmizin tərəqqisinə töhfə baxımından mühüm vədlər verir.

Prezident İlham Əliyevin “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” fikirlərinə uyğun olaraq yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər kadrların irəli çəkilməsi günümüzün reallığıdır. Prezidentin insan kapitalını ön planda tutaraq potensiallı kadrların üzə çıxarılması üçün təşkilinə Sərəncam verdiyi “Yüksəliş” müsabiqəsi qaliblərə yaratdığı başlıca inkişaf imkanlarından biridir. Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi hər il 20 nəfərdən çox istedadlı kadrın kəşf edilməsinə imkan yaradır. “Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Bu günədək 3 dəfə təşkil edilən müsabiqənin ümumilikdə 71 qalibi mövcuddur. Ölkə Prezidenti İlham Əliyev 2024-cü ildə dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha bir Sərəncam imzalayıb.

Müsabiqə qaliblərə 1 il ərzində ümumilikdə 40 idarəçi rəhbər, iri şirkətlərin top-menecerləri, dövlət və özəl qurumların rəhbərləri ilə tanışlıq, fərdi görüşlər və mentorluq proqramından yararlanmaq fürsəti yaradır. Bundan əlavə, müsabiqə qaliblərinin adları kadrların ehtiyat bankına əlavə olunur. O cümlədən qaliblər özünüinkişaf məqsədilə dövlət tərəfindən hər birinə ayrılmış pul mükafatından yararlanmaq imkanı da əldə edirlər. Müsabiqənin təşkilinə cəlb edilmiş resurslar, dövlət qurumlarının rəhbərlərinin mentor qismində iştirakı, prosesin yüksək səviyyədə həyata keçirilməsi, qaliblərə münasibət layihənin dövlət rəhbərliyinin birbaşa nəzarətində olduğunu göstərir.

Yeni dövr yeni hədəflər və inkişaf üçün imkan deməkdir. Bu baxımdan inkişaf etməkdə olan müstəqil Azərbaycanın dünyada baş verən yeniliklərə biganə qalmaması və fəal iştirakı qaçılmazdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də bildirdiyi kimi, hazırda dünyada bir çox aparıcı keçmiş neft şirkətləri öz adlarını dəyişdirib enerji şirkətlərinə çevirirlər. Bu isə öz növbəsində getdikcə yaşıl enerjiyə artan tələbatın göstəricisidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inkişaf hədəflərinə doğru daha bir addım ataraq 2024-cü ili imzaladığı Sərəncamla ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasında olan Azərbaycan bərpa olunan enerji sektorunun yaradılması istiqamətində son illərdə önəmli addımlar atıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın COP29-a, o cümlədən Şəhərsalma Forumuna ev sahibliyi etməsi də bu uğurlu beynəlxalq siyasətin davamıdır. Bu il, o cümlədən Azərbaycanda Prezident İlham Əliyevin yaşıl enerji zonası olaraq elan etdiyi – ölkəmizin işğaldan azad edilmiş torpaqlarında həyatın yenidən dirçəldilməsi, bu ərazilərdə “Böyük Qayıdış” Dövlət proqramının icrası ölkənin qarşıdakı bir digər əsas hədəflərindəndir. Ölkədə hazırda işğaldan azad edilən zonalara qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı tədbirlər həyata keçirilir, yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ölkədə yaranan bütün bu yeni tendensiyalar, tətbiqlər və inkişaf istiqamətləri kadr artımına və ixtisaslaşmasına, potensiallı kadrların yerləşdirilməsinə imkan yaradır.

Ölkənin dinamik inkişafında rol oynamaq istəyən kadrlar üçün “Yüksəliş” müsabiqəsi qaçılmaz fürsətdir. Məhz bu şəxslər üçün ölkə Prezidenti İlham Əliyev 2024-cü ildə dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha bir Sərəncam imzaladı. Bu isə o deməkdir ki, yaxın zamanda “Yüksəliş” müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq, bununla da yenidən mübarizəli və rəqabətli yarışma nəticəsində yeni qaliblər, potensiallı kadrlar və güclü idarəçilər ortaya çıxarılacaq. Qalibiyyət isə həm potensiallı şəxslər, həm də ölkəmiz üçün açılan yeni imkanlar, yeni hədəflər və yeni yüksəlişlər deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir