“Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəməri çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev deyib.
O, bildirib ki, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub:
“Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrini su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin mayında istismara verilib. Bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanacaq”.
İ.Tağıyev onu da əlavə edib ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir:
“Magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi artıq yekunlaşıb. Yeni şəbəkədən ünvanlara ev birləşmələri verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib. İşlər davam etdirilir.
Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək”.
Könül Cəfərli