Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 362-3-cü maddə əlavə edilib:
“Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi
362-3.1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə –
inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir.
362-3.2. Bu Məcəllənin 362-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə edilir”.
Bundan başqa, məcəllənin 363-cü maddə yeni redaksiyada verilib:
“Maddə 363. Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi
363.1. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə –
inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
363.2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə –
inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə edilir.
363.3. Bu Məcəllənin 363.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə edilir”.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 769-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.