Fransada Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun rəsmi nəticələrini sabah – aprelin 13-də açıqlayacaq. Bununla belə, protokolların 100 % hesablanmasının nəticələrinə görə, hazırkı prezident Emmanuel Makronun 27,84 % səs topladığı artıq məlumdur. Aprelin 24-də keçiriləcək ikinci turda o, 23,15 faiz səs toplayan ultra sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Penlə mübarizə aparacaq. O, solçu “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşonu bir faiz qabaqlayıb. Seçkilər göstərdi ki, Fransa cəmiyyəti təxminən dörd bərabər hissəyə bölünüb, çünki Fransa vətəndaşlarının ¼-i də səs verməyib.
Oxu.Az şərhlər üçün rusiyalı politoloq, fransaşünas, tarix elmləri namizədi, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenkoya müraciət edib:
– Deyə bilərik ki, Beşinci Fransa Respublikası ciddi böhran içində olmaqda davam edir. Abseintlərin – seçkilərdə iştirakdan imtina edənlərin böyük faizini qeyd etmək yerinə düşər, hansı ki, təklif olunanlar arasında öz namizədini tapmayıblar (baxmayaraq ki, siyahılarda 12 nəfərin adı var idi – red.). Fransada solçularla sağçılar arasında güclü uçurum müşahidə olunur. Bunu solçu partiyanın lideri Jan-Lyuk Melenşonun sağçı partiyanın lideri Marin Le Penlə az qala bərabər olması sübut edir.
Növbəti prezident kim olacaqsa – Makron, ya Le Pen, o, Fransa cəmiyyətində qalaqlanan dağıntıları təmizləməli olacaq.
– Bəs şərti “kollektiv Qərb” üçün ikinci tura keçən namizədlərdən hansı sərfəlidir? Emmanuel Makron, yoxsa Marin Le Pen?
– Söhbət beynəlxalq kapitaldan, qlobalist qüvvələrdən gedirsə, təbii ki, Emmanuel Makron onlara sərf edir. O, onların nümayəndəsidir və avropalı bürokratlar üçün ən əlverişli fiqurdur. Makron “maliyyə beynəlmiləlçiliyinin” tərəfdarıdır. Beləliklə, şərti “kollektiv Qərb” üçün prezidentliyə ən əlverişli namizəd məhz odur.
– Marin Le Pen qalib gəlsə nə olacaq? Fransanın siyasəti necə dəyişəcək?
– Marin Le Penin mümkün qələbəsinə gəlincə, burada hər şey o qədər də sadə deyil. Fransada ötən prezident seçkilərində “Marin Le Pendən başqa hər kəs” şüarının səsləndirildiyi ssenarini xatırlayaq. İndi də oxşar şeyin şahidi oluruq. Valeri Pekress (mərkəz sağçı Respublika Partiyasının namizədi, Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etdiyinə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qara siyahısına salınıb – red.) Emmanuel Makronu rəsmən dəstəkləyib. Sosialist Partiyasının prezidentliyə namizədi və Paris meri Ann İdalqo ikinci turda Makrona səs verməyə çağırıb. Üçüncü yerdə qərarlaşan Jan-Lük Melanşon isə deyir ki, onun seçiciləri qalan namizədlərdən heç birinə səs verməməlidir, amma əslində o, Makronun dəyirmanına su tökür.
Hələlik Marin Le Pen üçün yalnız Erik Zemmur və Nikolya Dupon-Enyan çıxış edib. Beləliklə, yaxın gələcəkdə Marin Le Pendən yenidən bir növ müqəvva yaradıla bilər. Necə deyərlər, “Le Pendənsə Makrona daha beş il dözmək yaxşıdır”.
Lakin Marin Len Penin prezident seçkilərində ikinci turda qalib gələcəyini fərz etsək belə, onun dövlət başçısı kimi həyatı son dərəcə çətin olacaq: ona müxalif olan hazırkı fransız elitası və özünün təmsil etdiyi qüvvələrlə qarşılıqlı əlaqədə olmalıdır. Deməli, burada baş verəcək hadisələr ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verən hadisələrlə təxminən eynidir – onlar sanki mühafizəkar, milli prezident seçmişdilər, lakin eyni zamanda o, Konqreslə heç nə edə bilmədi. Marin Le Pen məsələsində də parlamentlə, Makronu dəstəkləyən elita ilə konfliktlər olacaq.
Fransada bürokratiya ənənəvi olaraq güclüdür. Beləliklə, ortadan ən aşağı səviyyəyə qədər bütün Fransa bürokratiyası Le Penin qərarlarını sadəcə olaraq sabotaj edə bilər. O, siyasi cəhətdən təcrid vəziyyətinə düşə bilər. Deməli, sağçı namizədin seçkilərdə mümkün uğuru hələ qələbə demək deyil.
– Donald Trampla bənzətmə apardınız. Düzmü anlamışam: Marin Le Peni daha çox Fransanın daxili məsələləri maraqlandırır, Trampda olduğu kimi, onun üçün də xarici siyasət isə arxa plandadır? Yeri gəlmişkən, Donald Trampın dövründə ABŞ Cənubi Qafqazın işlərinə o qədər də qarışmırdı, Marin Le Penin siyasəti, təbii ki, əgər prezident seçilərsə, eyni ola bilərmi?
– Bəli, doğrudan da Marin Le Pen bu prezidentlik kampaniyası çərçivəsində bütün diqqətini Fransanın daxili problemlərinə yönəldib, sadə fransızların rifahını önə çəkib. Bu onun əsas “fişka”sıdır. O, miqrasiya, işsizlik və s. problemlərlə məşğul olacaq. Beləliklə, onun qələbəsi halında, çox güman ki, Fransadan kənarda bəzi aktiv hərəkətlər məhdudlaşdırılacaq.
Nair Əliyev