“Nikol Paşinyan “Avropa İttifaqı monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi geosiyasi kontekst daşımır” deyərkən ya qeyri-səmimidir, ya da o, sadəcə olaraq, bilərəkdən yalan danışır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O qeyd edib ki, burada nəinki geosiyasi kontekst var, söhbət Aİ-nin Cənubi Qafqazdakı proseslərə cəlb edilməsindən gedir və bu, göz qabağındadır:
“Aİ-nin bu missiyası polis kəşfiyyatı xarakteri daşıyır. Buraya Qərb xüsusi xidmət orqanlarının diplomatik çətir altında çoxlu sayda peşəkar kəşfiyyatçıları daxildir. Təbii ki, onlar buraya yerləşdirildikdən sonra Ermənistandakı Rusiya hərbi bazası, Rusiya sərhədçilərinin (Ermənistan Respublikasının sərhədlərini qoruyan – red.) fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplayacaq, eyni zamanda Azərbaycan və İrana qarşı kəşfiyyat əməliyyatlarına başlayacaqlar. Üstəlik Ermənistanda öz agent və casus şəbəkələrini formalaşdıracaqlar”.
Rusiyalı ekspert hesab edir ki, Aİ-nin bu missiyasının əsl məqsədi təkcə Avropa İttifaqının, daha doğrusu, Fransanın regionda möhkəmlənməsi üçün deyil, həm də onun gələcəkdə Ermənistanda daimi əsasda yerləşdiriləcək tamhüquqlu hərbi kontingentə çevrilməsi üçün lazımi zəmin hazırlamaqdır.
İqor Korotçenko əminliklə söyləyib ki, bu, açıq şəkildə yürüdülən geosiyasi fəaliyyətdir və regionda təsir dairələri uğrunda mübarizədir:
“Təbii ki, Moskva bu missiyaya son dərəcə mənfi yanaşır. Bu məqamlarla əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birinci şəxslərinin kütləvi çıxışları olub. Ermənistan təkcə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında müttəfiqlik öhdəliklərini pozmur, o həmçinin Moskvanın maraqlarına xələl gətirən hərəkətlər edir. Paşinyan və onun Qərb kuratorları KTMT-nin təklifini qəbul etməyəcəklər, bu, göz qabağındadır. Ötən ilin dekabrında KTMT-nin Ermənistanda keçirilən sammitində İrəvanın bir sıra əsas və mühüm sənədləri imzalamaqdan imtina etməsi də bunu göstərdi. Bu, erməni tərəfinin bu gün etdiyi şüurlu seçimdir. Onun geri çəkilmə vektoru müəyyən edilib, o, Qərbin güc mərkəzləri – Fransa, Avropa İttifaqı, ABŞ ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə arxalanaraq Rusiyadan uzaqlaşacaq. Proses gedir. Təkrar edirəm, Ermənistanda KTMT-nin müşahidəçiləri olmayacaq. Əksinə, ortamüddətli perspektivdə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırıq. Bunun nə qədər tez baş verəcəyi isə artıq müzakirə mövzusudur.
Düşünürəm ki, Nikol Paşinyan hələ də hakimiyyət rıçaqlarını öz əlində möhkəm saxlayır. Erməni seçicilərin əksəriyyəti onu dəstəkləyir, o, parlamentə nəzarət edir. Paşinyanın güc yolu ilə devrilməsi mümkün deyil. Səlahiyyət müddəti bitməmiş onu konstitusiya yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq da, çətin ki, mümkün olsun. Ermənistan bu gün marjinal ölkədir, burada kifayət qədər çoxlu siyasi çılğın (“freak” – ingilis dilindən hərfi tərcümədə bir neçə məna verir: çılğın, dəli və sair – red.) var ki, onlar özlərinin hansısa planlarını elan edir, partiyalar qururlar və sair”.
44 günlük Qarabağ müharibəsində acınacaqlı məğlubiyyətə uğradılan Ermənistandan hansısa revanş səslərinin gəlməsinə İqor Korotçenkonun münasibəti isə belə olub:
“Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya daxil olmaq iqtidarında deyil. İstənilən hərbi təxribat Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq və Ermənistan dövləti üçün kritik nəticələrə gətirib çıxaracaq. Hərbi təxribatlar və avantüralar riski olsa da, Ermənistan qəfildən Azərbaycana qarşı hansısa zorakı hərəkətlərə əl atsa, o zaman onun nəticəsi 2020-ci ilin noyabrında baş verən məğlubiyyətdən daha dəhşətli olacaq”.
Nair Əliyev