• Ç. Noy 27th, 2024

İran Baş prokurorunun müavini Azərbaycana gəlib

ByYenigun.news

Apr 2, 2024

İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan verilən xəbərə görə, aprelin 2-də nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.

Qolam Abbas Torki qonaqpərvərliyə və qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi, həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın azad olunması münasibətilə təbriklərini ifadə edib.

Baş prokurorun müavini ölkəmizdə keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.

Kamran Əliyev təbriklərə görə təşəkkürünü bildirərək dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını qeyd edib.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir