Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Parisdə görüşüblər.
Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. İki lider İranın nüvə təhlükəsinə qarşı mübarizə yollarını ətraflı müzakirə ediblər. Baş nazir Netanyahu vurğulayıb ki, İranı Yaxın Şərqdə dayandırmaq lazımdır. O, həmçinin İran rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqının terrorçu siyahısına daxil edilməsinə çağırış edib”, – deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd olunub ki, tərəflər regiondakı vəziyyət, eləcə də Livanda sabitliyin qorunmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.