İranda mövcud olan islam quruluşuna daxildən və xaricdən təzyiqlər artdıqca, rejimin süqutu barədə fikirlər daha tez-tez səslənməkdədir. Bu ssenari, yəni rejimin dağılması ehtimalı təkcə müxtəlif ekspertlər və müxalif siyasi qüvvələr tərəfindən deyil, hakimiyyətin yüksək eşelonlarında vəzifə tutmuş və onun daxilinə bələd olan şəxslər tərəfindən də irəli sürülmüş və sürülməkdədir.
Bunun ən son nümunəsi fevralın 1-də İranın əvvəlki hökumətinin yüksək rütbəli məmurlarının iştirakı ilə keçirilmiş qapalı müzakirədən yayılmış səs yazısında səslənən fikirlərdir. Həsən Ruhani hökumətində birinci vitse-prezidenti postunu tutmuş İshaq Cahangirinin iştirakı ilə yanvarın ikinci yarısında keçirilmiş həmin müzakirədə çıxış edən şəxs Ruhani dönəmində prezident administrasiyası rəhbərinin müavini olmuş Məhəmmədrza Salehidir. Salehinin çıxışının ən önəmli hissəsi rejimin aqibəti ilə bağlı fikirlərdir. O, hazırkı şəraitdə islahatçı siyasi qüvvələrə də şamil olunan 3 ssenarinin mümkünlüyündən söz açır ki, bunların hər üçü mövcud quruluşun süqutu anlamına gəlir. Bunlardan birincisi, xarici müdaxilə və hakimiyyətin devrilməsidir.
Onun fikrincə, bu variant hərbi müdaxilə və ya şahzadə Rza Pəhləviyə vəkalət verilməsi kimi metodlarla reallaşa bilər. İslahatçıların qarşısında duran ikinci seçim, Salehinin fikrincə, etirazçılara qoşulmaq və inqilaba kömək etməkdir. O, bu addımın islahatçılar üçün təhlükəli olduğunu vurğulasa da, ölkədə inqilab perspektivinin reallığını etiraf etmiş olur. Salehinin mümkün saydığı üçüncü ssenari isə seyrçi mövqe tutmaqla sosial-iqtisadi vəziyyətin daha da pisləşməsini və sonda sistemin daxildən dağılmasını gözləməkdir. Bu variantın reallığını rejimin köklü islahatlar həyata keçirməyə qadir olmaması və ya bunu istəməməsi şərtləndirir.
Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində: