• Be. Noy 25th, 2024

İranda SEPAH-ın kəşfiyyat rəisi ilə bağlı MÜƏMMA: Zəlzələ effekti olacaq – TƏHLİL

ByYenigun.news

İyn 24, 2022

İranla İsrail arasındakı vüsət alan və dünyanın yaşayış olan bütün sahələrinə sirayət edən kəşfiyyat müharibəsinin “güllələri” daha bir nəfəri aradan götürüb. Aradan götürüb deyəndə, birmənalı olaraq öldürülmə və ya qaçırılma, girov götürülmə faktlarına istinad etmirik.

İranın xarici və daxili siyasətində, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətində həlledici gücə sahiblənən və böyük bir şəbəkə yaradan SEPAH İsrailin uğurlu əməliyyatlarından sonra öz içində təmizləmə əməliyyatına başlayıb.

Dəqiq informasiyalar olmasa da, İran daxilindəki bəzi müəmmalı yoxaçıxmaların və ya ölümlərin SEPAH-ın iradəsi altında reallaşdığı ehtimallarını irəli sürə bilərik.

Niyə? Nəzərə alaq ki, SEPAH dünyada israilli iş adamlarına və yəhudi diplomatlara qarşı döyüş cəbhəsini komplektləşdirərək hücuma keçib, amma ən üstün və modern texnologiyalara, kəşfiyyat imkanlarına malik olan MOSSAD-ın koordinasiyalı fəaliyyəti sahəsində İran planlarını həyata keçirə bilmir.

SEPAH-ın uğursuzluğa düçar olması, bu nəhəng qurumu öz içərisində xain axtarmağa sövq edir, yəni uğursuzluqlar burulğanına görə kimsə məsuliyyət daşımalıdır.

Bu məzmunla yola çıxsaq, SEPAH-ın Kəşfiyyat xidmətinin rəisi Hüseyn Taibin vəzifəsindən getməsi beyinlərdə suallar yaradır.

İnformasiya axınındakı xronoloji ardıcıllıqla Taib barəsində yaranan qaranlıq təsəvvürlərin üzərinə işıq tutmağa çalışaq.

Birinci: İnformasiya resurslarında başı əmmaməli kəşfiyyat xidmətinin rəisinin vəzifəsindən uzaqlaşdırılması xəbərləri ona sui-qəsd olması cəhdi ilə paralel şəkildə tirajlanır.  

İkinci: Daha sonra sui-qəsd mövzusunun üstündən xətt çəkilərək məlumat yayılır ki, Taib vəzifəsindən kənarlaşdırılıb, onun yerinə Məhəmməd Kazemi təyin olunub. Taibi isə SEPAH baş komandanının müşaviri vəzifəsinə gətirilib.

Üçüncü: Məhəmməd Kazeminin təyinatı media və sosial şəbəkə platformalarında günlərlə davam edən və fikir ayrılıqları ilə müşayiət edilən müzakirələrdən sonra, iyunun 23-də elan edilib.

Taib haradadır və o, həqiqətənmi əvvəlki vəzifəsindən “vurularaq” nisbətən kiçik vəzifə sayılan posta təyinat alıb?

Gəlin, Taibin yoxa çıxmasını bu kontekstdə başlanğıc nöqtəsi hesab edək və sonrakı proseslərə diqqət çəkək, sonra versiyaları bir-birinə calayaq, ortaya məntiqli qənaət çıxarılmasına çalışaq.

1. Taibin vəzifəsindən çıxarılması xəbərinin elan edilməsi ola bilsin ki, onun İsrail tərəfindən öldürülməsini ört-basdır etmək cəhdləridir.

2. Bəzi məlumatlara əsasən, Taibin işlədiyi yerə silahlı basqın olub və toqquşma zamanı Taib ayağından vurulub.

3. Digər versiya isə budur ki, SEPAH İran ərazisində xain ovuna çıxaraq reydlər keçirib, 30-dan çox SEPAH əməkdaşı, o cümlədən Taib saxlanılıb.

4. Ola bilsin ki, İsrail agentləri düz Taibin burnunun dibinə qədər yaxınlaşıb və İran onu gizlətməyə məcbur olub.

Hər 4 versiya MOSSAD-ın həyata keçirdiyi uğurlu əməliyyatların İran ictimaiyyətində yaratdığı çaşqınlığın göstəricisidir.

Dörd mühakimə bunu ortaya qoyur: Ali dini rəhbər Seyid Əli Xamenei rəsmi Tehranın kəşfiyyat müharibəsində ifşa olunması səbəbilə SEPAH-ın kəşfiyyat sükanını Taibin əlindən almasına gətirib çıxarıb.  

Taib haqqında İranda birmənalı fikir yoxdur, o, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin nəticələrinə qarşı keçirilən mitinqlərin yatırılmasında xüsusi canfəşanlıq göstərib.

O zamandan bu yana Taib haqqında xoş olmayan fikirlər İran cəmiyyətində tüğyan edir. Ona görə də hesab olunur ki, Taibin öz postundan getməsi və ya öldürülməsi İranın siyasi arenasında böyük bir zəlzələ effekti yaradacaq.

Çünki Taib əllərindəki səlahiyyətlərindən istifadə edərək İran hakimiyyəti daxilində güclü şəbəkə qura bilib, SEPAH-ın keçmiş komandanı, İran parlamentinin indiki spikeri Məhəmməd Qalibaf da daxil olmaqla bir çoxu ilə müttəfiqlik əlaqələrinə sahib olub.

PROQNOZLAR:

İran daxilində təmizləmə əməliyyatları davam edəcək və Tehran təhlükəsizlik arxitekturasını yeniləməyə çalışacaq.

İranın başı öz daxilindəki işlərə qarışması MOSSAD üçün münbit fürsətlərə çevriləcək və rəsmi Tehranın beynəlxalq arenada yeni-yeni məlumatlar əsasında sıxışdırılması prosesi davam edəcək.

İran israilli alimləri, iş adamlarını, mütəxəssisləri öldürmək və ya qaçırmaq planlarını təzələyəcək, İsrail isə qurduğu qüsursuz şəbəkə ilə SEPAH üzvlərini, iranlı mütəxəssisləri öldürməkdə davam edəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir