• Ca. Noy 28th, 2024

İrandakı terrorun detalları: Terrorçu diplomatların yaşadığı mənzillərə atəş açıb – VİDEO

ByYenigun.news

Fev 6, 2023

“Azərbaycanın İrandakı səfirliyinin müşahidə kameralarının vasitəsilə səfirliyimizə edilmiş terror hücumu qeydə alınıb. Terrorçu səfirliyin binasına daxil olduqdan iki dəqiqə sonra İran polisləri səfirliyin önünə gəliblər. Lakin onlar hadisəyə müdaxilə etməyiblər”.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçunun üzərinə atılaraq ona müqavimət göstərib.

“Lakin terrorçu gödəkcəsindən tapança çıxararaq Vasif Tağıyevə atəş açıb. Vasif Tağıyev çənəsindən yara alıb”, – deyə Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, terrorçu çölə çıxıb, səfirlikdə yaşayan Azərbaycan diplomatlarının yaşadıqları binaya dalbadal atəş açıb.

Ayxan Hacızadə qeyd edib ki, terrorçu istəyinə çatmadığını gördükdə “Molotov kokteyli” atıb.

“Bütün bunlar zamanı İran polisi heç bir müdaxilə etməyib. Vasif Tağıyev terrorçuya müqavimət göstərməkdə davam edib”, – deyə Ayxan Hacızadə əlavə edib.

XİN rəsmisi qeyd edib ki, İran polisinin terrorçuya müdaxilə etməməsi terrorun planlaşdırılmış olduğunu göstərir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov – hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Şəhid olan baş leytenant Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Mərhumun iki övladı var.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 3-də terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

Tağıyev Vasif Natiq oğlu;

“Vətən uğrunda” medalı ilə:

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra);

İmanov Mahir Kamil oğlu.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir