• Ca. Noy 28th, 2024

İrandan Azərbaycana axıdılan zəhər: “Sprut”un işləmə mexanizmi – ŞƏRH

ByYenigun.news

İyn 7, 2022

Dövlət Təhlükəsizliyi Xidmətinin iyunun 6-da açıqladığı məlumata əsasən, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu, qabaqcadan əlbir olan bir qrup şəxs Azərbaycan-İran sərhədindən narkotik vasitələr keçirmək istəyib.

Dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisinə keçirib, İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərlərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran İslam Respublikası vətəndaşları – 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.

Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycan Respublikasında saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilib.

O, İran İslam Respublikasında cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.

Qeyd edək ki, Azərbaycanla İran arasında “Azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında” Müqavilə mövcuddur.

Azərbaycan ekstradisiyanın şərtlərini “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunun tələbləri ilə reallaşdırır.

2022-ci ilin yanvar ayında açıqlanan məlumata əsasən, Azərbaycan həmin vaxt 21 iranlı məhbusu İrana ekstradisiya edib. Bundan əvvəlki illərdə də ekstradisiya prosesi baş tutub. 

İranlı məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Oxu.Az-a deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində topdansatışdan başlayaraq son istifadəçiyə qədər böyük bir zəncir mövcuddur.

“Buna görə də əsas məsələ o zəncirin həlqələrini sındırmaq, sonra isə zəncirin özünü zərərsizləşdirməkdir”, – deyə Arzu Nağıyev söyləyib.

Deputat narkotik ticarətinin sxemindən danışıb. O bildirib ki, “sprut”u – səkkizayaqlı dəniz canlısını xatırladan cinayətkar şəbəkədə topdandsatışın təşkilatçıları narkotik vasitələri pərakəndə satış üçün verirlər. Onlar isə bu maddələri kuryerlərə paylayırlar.

“O kuryerlər narkotik maddələri sərhəddən keçirdikdən sonra həmin vasitələri Azərbaycandakı kuryerlərinə çatdırırlar. Beləliklə son istifadəçiyə qədər zəncir yaranır”, – deyə Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, həbs edilənlər əsasən kuryerlər və ya topdansatışı pərakəndəyə çevirənlər olur.

Millət vəkili vurğulayıb ki, istənilən halda həmin həlqələri sındırmaq mütləqdir.

İranlı məhbusların ekstradisiyası məsələsinə gəlincə, parlamentari qeyd edib ki, onlar ölkələrinə qayıtdıqdan sonra narkotik ticarəti şəbəkəsindən çıxa bilmirlər.

“Onların əsas qazanc mənbəyi narkotik alveridir. Onlar ələ keçərək zərərsizləşdirilən malın vəsaitinin geri qaytarılması istiqamətində işləməlidirlər. Yəni borclarını geri qaytarmalıdırlar. Ona görə də qırılan zəncir yenidən bərpa olunur”.

Arzu Nağıyev qeyd edib ki, narkotik ticarətində çox böyük vəsaitlər dövriyyədədir.

“Bu elə bir şəbəkədir ki, tranzit daşımalarda böyük avtomobillər vasitəsilə də narkotik daşınmasını həyata keçirirlər”, – deyə o fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir