Avarçəkmə üzrə zəncanlı idmançı, İran millisinin üzvü Bəhmən Nəsiri Azərbaycan Respublikasına mühacirət etmək qərarına gəlib.
“Azad İran” “Telegram” kanalının “entekhab.ir” saytına istinadən xəbərinə görə, akademik avarçəkmə üzrə İran çempionu, Xançjou Asiya Oyunlarında ölkəyə medal qazandıracaq əsas ümidlərdən biri sayılan B.Nəsirini hava limanında yola salmağa gələn avarçəkmə üzrə İran yığmasının üzvləri öz sosial media hesablarında komanda yoldaşları ilə vidalaşaraq, ona uğurlar arzulayarkən təəssüfləndiklərini bildirib, İranda qayğı görməyən idmançıların öz ölkəsini və komandasını tərk etməsi ilə bağlı idman rəsmilərinə xəbərdarlıq ediblər.
İdmançı bundan əvvəl də Azərbaycana mühacirət etmiş, lakin İranın idman rəsmilərinin ona verdiyi vədlərlə geri qayıtmağa qərar vermişdi. İndi Nəsiri yenidən Azərbaycana getməklə bağlı qərarını verərək bu ölkəyə yollanıb.
İran rəsmiləri avarçəkmə üzrə zəncanlı çempiona yanğınsöndürmə idarəsində işə qəbulla bağlı söz versələr də, vədlərinə əməl etməyiblər, buna görə də təcrübəli və istedadlı idmançı ona hər zaman qucaq açan Azərbaycana yenidən üz tutub.