• Ç. Noy 27th, 2024

İranın sərhəd fitnəsi: Azərbaycan gizli arteriyanı da kəsəcək – TƏHLİL

ByYenigun.news

Sen 24, 2022

İran Azərbaycanın Ermənistan üzərində yaratdığı təzyiq dalğasını və uğurlu hərbi əməliyyatlarını artan narahatlıqla izləyir.

Hər iki tərəfin diplomatik bəyanatlarında hər nə qədər dostluqdan danışılsa da, gərginlik yüksələn xətlə davam etməkdədir.

İranın hərbi-siyasi radikal dairələrinin “sərhəd dəyişikliyinə dözməyəcəyik” tezisi əvvəlki illərdə Ermənistana canıyananlığına müxtəlif adlarla çəkdiyi pərdələrin üstünü açır.

İslam Respublikası Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 illik müddət ərzində özü üçün qeyri-leqal gəlir mənbələri formalaşdırmışdı və bunu transmilli mütəşəkkil cinayətkarlıq zəncirinin bir həlqəsinə çevirmişdi.

İran əldə etdiyi haram qazanclarla sanksiyaların vurduğu maliyyə zərbələrini kompensasiya etməyə çalışırdı.

İslam Respublikası beynəlxalq cinayətdən təkcə pul qazanmaq üçün yox, həm də öz məqsədləri naminə terrorizmi dəstəkləmək üçün müstəsna resurs kimi istifadə edir.

Lakin Azərbaycan İranla sərhədin 132 kilometrlik hissəsinə nəzarəti bərpa etdikdən sonra Tehran qanunsuz gəlir mənbələrinin birindən məhrum oldu. İran üçün bu məhrumiyyəti regionda cərəyan edən hərbi-siyasi aktivlik fonunda dünya güclərinin planlarında olan geosiyasi risklər müşayiət edir.

İranın Azərbaycan-Ermənistan sərhədindəki hərbi toqquşmalarla bağlı narahatlıqları qısqanclıqdan, qlobal düzənin yenidən şəkilləndirilməsi ilə özünün ambisiyalarının daralması mülahizələrindən irəli gəlir.

İran siyasi rəhbərliyi və hərbi komandanlığı ölkə hüdudlarında tüğyan edən iğtişaşların acığını da sərhədə tökmək istəyir və Azərbaycana münasibətdə “xarici təhlükə” amilini şişirdərək böyüdür.

İranın sərhəd zonasında hərbi manevrləri, əslində, onun Ermənistanla qeyri-qanuni ticarətini bərpa etmək, Azərbaycanı Türkiyə və İsraillə strateji münasibətlərini aşağı salmağa məcbur etmək məqsədi daşıyır.

Lakin İran bilmədən beynəlxalq oyunçuların ayağına pas ötürür. Belə ki, ABŞ, Britaniya, Türkiyə və İsrail Tehranın bəyanatlarını onun terrordan istifadə edə biləcəyi kimi dəyərləndirir və bəlkə də, birlikdə İrana qarşı sxem cızırlar.

Çünki İran mənşəli təhlükələr beynəlxalq və regional təhlükəsizliyi bir başqa formada təhdid edir və indi Qərb də, Rusiya da başları Ukraynaya qarışdığından yeni cəbhənin açılmasında maraqlı deyillər.

İran-Azərbaycan gərginliyi artdıqca Tehran region ölkələrini qorxutmaq üçün əlindən gələni edəcək.

Azərbaycan isə strateji təmkinlə məqsədlərinə doğru irəliləyəcək və İranın Ermənistanla əlaqə yaradan gizli arteriyasını kəsəcək.

Onsuz da Azərbaycan həmin arteriyalardan birini zədələyib, söhbət Gorus-Qafan magistralının 21 kilometrinin Azərbaycanın nəzarətində olmasından gedir.

Azərbaycan sentyabr döyüşlərində də İranın başqa arteriyasını da qismən də olsa zədələyibmiş kimi görünür.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir