İraq Kürdüstanı Regionunda İranın aktivliyi Tehran əleyhinə fəaliyyət göstərən kürd silahlıları ilə mübarizə çərçivəsində artır.
İran rəsmilərinin artıq İraq Kürdüstanı administrasiyası nümayəndələri ilə görüşdüyü bildirilir. Görüş İranın İraq hökumətini kürd silahlılarını tərk-silah etməsi üçün xəbərdarlığından sonraya təsadüf edir.
İran deyirdi ki, əgər İraq hökuməti tədbir görməsə, onda Tehran kürd qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacaq. Ancaq İran rəsmilərinin İraq Kürdüstanı nümayəndələri ilə görüşü belə deməyə əsas verir ki, Tehran ona müxalif olan qüvvələrə qarşı əməliyyat keçirməkdənsə, Kürd administrasiyasının dəstəyini əldə edərək təhlükəsizlik sazişi qazanmağa üstünlük verir.
Hərçənd, İran İraq Kürdüstanı ilə sərhədə hərbi personal və silahlar yerləşdirib, sentyabrın 19-na qədər İraq hökumətinə vaxt verib ki, rəsmi Bağdad kürd qruplaşmalarını tərk-silah etsin.
İranın regionun gələcəyini idarə etmək üçün ipləri əlinə almaq cəhdləri silahlı toqquşmalarla müşayiət olunacaqsa, bunun qlobal əks-sədası eşidiləcək.
Başqa bir hərəkətlilik Suriyada İran tərəfindən zilə qalxmaqdadır, Tehranın Rusiya ilə birlikdə ABŞ-ni bölgədən çıxarmaq planı üzrə canlanma müxtəlif səviyyələrdə müşahidə edilir.
Diqqətçəkən dinamikadan biri də SEPAH-ın əfqan şiə milislərindən ibarət olan “Fatimiyyun” diviziyasını Suriyaya yerbəyer edərək ondan Bəşər Əsəd əleyhinə fəaliyyət göstərən qrupları zərərsizləşdirməkdə vasitə kimi istifadə etməsidir.
İranın Suriya və İraq siyasətinin xəmiri eyni maya ilə yoğrulur, o mənada ki, Tehranın bu iki ölkədəki hərbi-siyasi profilini yüksəltməsinin regional nəticələrinə hazırlaşmaq lazımdır.
Proseslər İranın Türkiyə ilə birlikdə İraqda spesifik mövqelərin bölüşdürülüb kompromislər tapılması tendensiyaları formasında inkişaf edə bilər, Suriyada isə Ankara ilə Tehranın yaxınlaşması o qədər real görünmür.
Lakin İranın İraq oxunda da Türkiyə ilə dayanıqlı razılaşma əldə etməsi üfüqdə hiss edilmir, çünki bu iki regional oyunçunun strateji motivasiyaları fərqlidir.
İraq Kürdüstanındakı Kürdüstan Demokratik Partiyası və Kürdüstan Vətənpərvərlər İttifaqı arasındakı qalmaqallar Türkiyə ilə İranın paritet əsaslarla regiondakı fəaliyyətini şübhə altına alır.
Çünki Tehranla Ankara bunu boşluqlara sızmaq üçün motivasiya hesab edirlər, maksimal nəticələrə can atırlar – İraq Kürdüstanındakı siyasi mənzərənin müəyyən edilməsi üçün onların rəqabəti hiss olunur.
Bu Ankara-Tehran rəqabətində açıq-aşkar bərabər olmayan mövqelərin üzə çıxmasını stimullaşdırır, tərəflərin gücünü və nüfuzunu rəqabət şəklində əks etdirəcək nüansları canlandırmağa imkan verir.
Düzdür, indi İranla Türkiyə rəqabəti optimal səmərəli əməkdaşlıqla əvəzləmək əzmini nümayiş etdirirlər, sövdələşmələr müəyyən mənada onların mövqeyinin uzlaşdırılmasına gətirib çıxaracaq.
Ümumi planda İraq və Suriyadakı dinamika (bu yazıda hələ başqa oyunçuların maraqlarından bəhs etmirik) Cənubi Qafqazın cizgilərinə təsir etmək gücündədir.
İranın Cənubi Qafqazda mövqelərini Azərbaycanla yaxınlaşdırmaq cəhdləri onun Türkiyə ilə Yaxın Şərqdəki qarşılıqlı güzəştlər paketini razılaşdırması ilə uyğunluq təşkil edə bilər.
Ancaq İranla Türkiyə bir-birlərinin regional oyunçular kimi nəzarətsiz böyüməsinə imkan verməyəcəklər, yəni Ankara ilə Tehran gizli şəkildə maraqlarını monitorinq edəcəklər.
Aqşin Kərimov