“Ermənistan Azərbaycanı kilsələri dağıtmaqda ittiham etməyə çalışır. Lakin ermənilərin özləri işğal zamanı məscidləri təhqir edərək dağıdıblar”.
“Report” xəbər verir ki, bunu İraqın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mats Mohi Əbdülhəmid Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini və məscidlər də daxil olmaqla bütün dağıntıların şahidi olduğunu qeyd edib.
Mats Mohi Əbdülhəmidin sözlərinə görə, işğalçı olmasına baxmayaraq, Ermənistan 2020-ci ildə baş verən müharibə zamanı dünya ictimaiyyəti qarşısında özünü qurban kimi göstərməyə çalışıb.
İraqın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri bütün bunlara baxmayaraq, bəzi Qərb mətbuat orqanlarının İkinci Qarabağ müharibəsi zamanı Ermənistana dəstək verdiyini vurğulayıb. Onun fikrincə, bu, dini amillərlə bağlı ola bilər.