“Türkiyənin beynəlxalq aerokosmik və texnologiya festivalı – “TEKNOFEST”in Azərbaycanda baş tutmasını dəstəkləyirik. Gələcəkdə bu tədbirin Azərbaycanda daimi keçirilməsi və eləcə də digər türk dövlətlərində təşkil edilməsi təşəbbüslərini dəyərləndiririk”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında “TEKNOFEST”in İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib.
O deyib ki, “TEKNOFEST”in texnologiya sahəsindəki müsabiqə iştirakçılarının əksəriyyəti Türkiyədəndir, ikinci yeri isə Azərbaycan tutur:
“Azərbaycanda “TEKNOFEST” çərçivəsində 2022-ci “Take Off Baku” startap sammiti keçirdik. Əlbəttə, istərdik ki, texnologiyalar sahəsində olan fəaliyyətlər Azərbaycanda daimi olsun”.
İ.Bayraktar deyib ki, bu il keçirilmiş “TEKNOFEST”ə bir milyon iştirakçı qatılıb:
“Səkkizinci dəfə keçirilən “TEKNOFEST”in ilkini 2018-ci ildə təşkil etdik. Əslində, elə o vaxtdan 100-dən çox ölkədə bu layihəni gerçəkləşdirə biləcəyimizi müəyyən etdik. Əgər 2018-ci ildə bu tədbiri “TEKNOFEST”, Sənaye və Texnologiya Nazirliyi və 28 tərəfdar qurumla birlikdə təşkil etmişdiksə, hazırda 123 tərəfdaşımız var. Builki “TEKNOFEST”ə 44 fərqli kateqoriyada üç min komanda, 12 min iştirakçı qatılıb. 2018-ci ildə qaliblərə iki milyon lirə mükafat təsis edilmişdisə, hazırda bu məbləğ 20 milyon lirədir”.
İldən-ilə bu tədbirə dünyada da marağın çoxaldığını deyən İrem Bayraktar türk dövlətlərindən, Avropadan, Asiyadan, Afrikadan müraciətlərin artdığını da bildirib:
“Bu cür festivalların yalnız Azərbaycanda deyil, bütün türk dünyasında, digər türkdilli dövlətlərdə keçirilməsi ilə bağlı fikirlərimiz var. Məsələn, Özbəkistan istədi ki, onlarda da belə bir festival keçirilsin. Afrikadan da maraq çoxdur. Avropadan – İngiltərə, Almaniya, İrlandiya, Amerika və Yaxın Şərqdən gələn iştirakçıları “Take off” olaraq startapçı kimi qəbul edirik. Layihəyə Avropadan da sərmayəçilər cəlb olunurlar. İstanbulda, əsasən, startapçılarla sərmayədarları görüşdürüb, onların ortaq işinin təşkilinə dəstək veririk. Bu il startaplar ümumilikdə bir milyard dollar üzərindən sərmayə ala bilib. Türkiyə bu məsələdə özünü təsdiqlədiyi üçün sərmayədarlar artıq bu istiqamətə yönəliblər. Türkiyə coğrafi baxımdan da mühüm bir strategiyaya və böyük bazara sahib olduğuna görə yatırımçıların diqqətini çəkir. “TEKNOFEST”də həm də çox keyfiyyətli mühəndislər yetişir”.