“Litva Xarici İşlər Nazirliyinin yaydığı bəyanatın heç bir hüquqi əsası yoxdur və kifayət qədər reallıqdan uzaqdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, nazirliyin bəyanatında erməni diasporunun və onlara dəstək verən lobbi təşkilatlarının xətti görünür:
“Məsələ ondadır ki, bütün dünyada erməni diasporu və onlara lobbiçilik edən təşkilatlanmış şəbəkə mövcuddur. 100 ildən artıq müddətdir saxta soyqırımı, “böyük Ermənistan” iddiaları ilə bütün ölkələrdə yaşayan insanlara yalan məlumatlar yaymaqla məşğuldurlar.
Təəssüf ki, Litvada kifayət qədər püxtələşmiş erməni diasporu var. Onlar da müxtəlif vasitələrlə ayrı-ayrı siyasətçiləri, deputatları ələ alıb öz çirkin siyasətlərini həyata keçirirlər. Əfsuslar olsun ki, dünyadakı qlobal güclər daim erməni məsələsindən manipulyasiya məqsədi ilə istifadə edirlər. Onların da apardığı siyasətə erməni canfəşanlığı yarayır. Söhbət tək Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən getmir. Bütövlükdə söhbət regional qlobal siyasətdən gedir. Çünki 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, türk dövlətlərinin təşkilatlanması, bir-birinə inteqrasiyası, Türkiyənin regionda və beynəlxalq müstəvidə oynadığı rol – bütün bunlar qlobal güclərdə çox ciddi narahatlıq doğurur”.
İşçi qrupunun rəhbəri bildirib ki, açıq şəkildə tək Azərbaycana deyil, həm də Türkiyəyə qarşı çirkin kampaniya aparılır:
“Bunun səbəbi son 20 ildə qardaş ölkənin rəhbərliyinin apardığı müstəqil siyasətdir. Buna alışmalıyıq. Həm Türkiyə, həm Azərbaycan, həm də İslam əleyhinə bundan sonra da belə dırnaqarası sürprizlər olması gözləniləndir. Bilirik ki, həqiqət həmişə bizim tərəfimizdədir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı təbii sərvətləri, faydalı yataqları 30 ildə olduğu kimi vəhşicəsinə talan olunur, erməni mafioz strukturları tərəfindən istismar edilir. Artıq o dövr keçdi. Azərbaycan xalqı öz sərvətlərinə sahib çıxır, indiki vəziyyətdə həm Qarabağda, həm Ermənistanla sərhəddə bütün hərbi üstünlüklər bizim tərəfimizdədir. Sadəcə beynəlxalq güclərə dəstək verən yerli regional qüvvələr də maksimum çalışır ki, bizə təzyiq göstərsinlər. Hesab edirəm ki, bunun heç bir nəticəsi olmayacaq. Həm beynəlxalq hüquq, həm də ədalət Azərbaycan xalqının tərəfindədir. Tam əminliklə deyə bilərəm ki, Litva özü belə tam müstəqil siyasət aparmır. Onlar Qərbin hansısa institutlarının tapşırıqlarını icra edir. Ona görə yaydıqları bəyanatlarının heç bir əsası yoxdur və qəbul etmirik”.