“Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başladı”.
“Trend” xəbər verir ki, bunu bu gün Audiovizual Şuranın sədri İsmət Səttarov “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfrans zamanı deyib.
“Mediamızın bu dövrü məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mediaya doğma münasibət sərgiləyir. Məhz dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində mediaya dəstək sistem halına gəlib. Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə budur: dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaq.
Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür: Qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. Düşünürəm ki, bu missiyanın öhdəsindən jurnalistlərimiz, media nümayəndələrimiz fəxrlə və böyük məsuliyyətlə gələcəklər”,- deyə İ.Səttarov bildirib.