İran rejimi “İsrailə, ABŞ-yə ölüm!” şüarlarından nəinki imtina edib, əksinə, bu şüarların ideyasını daha da genişləndirməyə çalışır. Bu o deməkdir ki, Tehrandakı hakimiyyət bu dövlətlərin məhv olması istiqamətində fəaliyyət göstərir. Odur ki, İran rejiminin müəmmalı və şəffaf olmadığı iddia edilən nüvə proqramına, habelə müxtəlif silahlı qruplaşmaları dəstəklədiyinə, terrorlarda adı daha çox hallandığına, Suriya, Livan, Fələstin, Yəmən, habelə başqa ölkələrdə törətdiyi pozuculuq fəaliyyətinə cavab olaraq İsrail və ABŞ də preventiv tədbirlər görürlər.
Hər iki ölkə yaxın zamanlarda silsilə hərbi təlimlər keçirməyi planlaşdırır. Manevrlərdə tapşırıqlardan biri İranın nüvə obyektlərinə hücumun imitasiyasıdır. Bundan başqa, İsrail və ABŞ hərbçiləri eyni anda bir neçə cəbhədə döyüş əməliyyatlarının aparılması əmrlərini yerinə yetirəcəklər.
İsrail mediasının yazdığına görə, ABŞ-nin manevrlərdə iştirak etmək üçün İsrailə çoxlu sayda “Patriot” zenit-raket kompleksi və başqa növ silahlar yerləşdirəcəyi gözlənilir. Rəsmi Təl-Əviv hesab edir ki, İrandakı rejim və onun nüvə proqramı yəhudi dövləti üçün ən böyük təhlükə mənbəyidir. Onların qənaətincə, Tehran əksini iddia etsə də, nüvə silahı yaratmaq üzərində gizli şəkildə işləyir.
İsrail mediası yəhudi dövlətinin yüksəkrütbəli rəsmisinə istinadən iyun ayında yazmışdı ki, Tehran uranı 90 faiz zənginləşdirərsə, yəhudi dövləti İrana zərbə endirəcək. Müttəfiqləri bu rəqəmin İsrail üçün “qırmızı xətt” olduğunu da yaxşı anlayırlar.
Bu ilin fevralında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın uranı 84 faizədək zənginləşdirdiyini aşkarladığını bildirmişdi. Tehran isə bunu “faktın təhrifi” adlandırmışdı.
Qeyd edək ki, 2015-ci ilin yayında beynəlxalq vasitəçi rolunda çıxış edən “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) İranla Birgə Fəaliyyət üzrə Əhatəli Razılaşma planı imzalamışdı. Ancaq Donald Tramp prezident seçildikdən sonra İranın nüvə proqramının şübhəli olduğunu bildirərək ölkəsinin həmin plandan çıxdığını elan etdi. Odur ki, Tehranın nüvə proqramı məsələsinə dair müzakirələr beynəlxalq ictimaiyyətin yenidən gündəliyindədir.
Ötən gün isə İran raket sənayesində İsrailin Kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (Mossad) genişmiqyaslı təxribatının uğursuzluqla nəticələndiyini elan edib. Tehranın iddiasına əsasən, ölkənin müdafiə sənayesində təxribatın qarşısı alınıb. Məlumata görə, Müdafiə Nazirliyinin raket, aerokosmik sənayesində həyata keçirilməsi planlaşdırılan ən iri təxribat əməliyyatının üstü açılıb.
Müdafiə nazirinin müavini Sərdar Fərhi bildirib ki, bu plan aşkarlanmasaydı, raketlərinin çoxu məhv ediləcəkdi.
Yeri gəlmişkən, 2023-cü ilin yanvarında da İranın Müdafiə Nazirliyi iddia etmişdi ki, onlar İsfahan şəhəri yaxınlığındakı hərbi obyektə üç pilotsuz təyyarənin hücumunu dəf ediblər. Rəsmi təsdiqini tapmasa da, Qərb jurnalistləri iddia ediblər ki, hücumun arxasında İsrail dayanır.
Şübhəli nüvə proqramı və Rusiyaya Ukraynadakı müharibədə istifadə etməsi üçün PUA verməsinə dair yayılan xəbərlər ABŞ və müttəfiqi İsrailin Tehrana münasibətinin daha da sərtləşməsinə səbəb olacağından xəbər verir. Düzdür, ABŞ-nin sanksiyası əsasında Cənubi Koreya banklarında İranın dondurulan altı milyard dolları üzərindən qadağa götürülüb. Ancaq Vaşinqton və Seul rəsmilərinin açıqlamaları bunun İran hakimiyyətinə münasibətin yumşalması anlamına gəlmədiyini ehtimal etməyə də əsas verir.
Son hadisələr belə qənaət yaradır ki, Afrikada bir-birinin ardınca iki ölkədə – Niger və Qabonda hərbçilərin hakimiyyəti ələ keçirməsi, Ukraynada müharibənin davam etməsi İrandakı rejimi unutdurmayıb. Urmiya gölünə suyun buraxılmasını dayandırmaq, Cavad Ruhi adlı etirazçının həbsxanada qətlinə bais olmaq, başqa bu kimi məlum və naməlum hadisələrə görə məsuliyyət daşıyan İran hökuməti gündəlikdən çıxmayıb. Tehran İsraili raket bazasına hücumda suçlayaraq özünü zərərçəkən tərəf kimi təqdim etməyə çalışır. Bununla da törətdiyi qanunazid əməlləri gizlətməyə, yaxud onlara bu yolla haqq qazandırılmasına cəhd göstərir.
Səudiyyə Ərəbistanı ilə səfir mübadiləsi də İrana özünü xoşməramlı göstərməyə imkan vermir. Çünki krallıqla münasibətlər yeddi il əvvəl pozulmuşdu. Başqa sözlə, İranla bağlı dəyişən bir nəsnə yoxdur. Bu kimi məsələlər İran ətrafında hərbi manevrlərin keçirilməsinin vacib olduğunu isbatlayan amillərdəndir. Bu həm də İran hakimiyyətinin hərbi ritorikasını azalda bilər. İsrail və ABŞ-nin birgə təlimləri təkcə Tehran rejimi üçün deyil, həm də onun qurduğu silahlı birləşmələrə, terror qruplarına bir ismarış sayıla bilər…
“Report” İnformasiya Agentliyi