İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu qəzetlərindən olan “Israelhayom”da işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina problemi və problemin həllində qabaqcıl İsrail texnologiyasından istifadənin faydalılığı barədə məqalə dərc olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq Ayub Karanın müəllifi olduğu məqalədə adıçəkilən şəxsin bu yaxınlarda qatıldığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözügedən problemlə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkilib.
Azərbaycanla silahlı münaqişədə Ermənistan tərəfindən müxtəlif təyinatlı minaların geniş miqyasda tətbiqinin Şuşa və Ağdam daxil olmaqla Qarabağ bölgəsinin bir çox şəhərlərində törətdiyi dağıntılardan və digər humanitar fəsadlardan danışan Komitə sədri qeyd edib ki, əsas məqsəd bölgədə sülhün bərqərar olmasıdır. Bu məqsədə nail olunması isə ilk növbədə ərazilərin tam şəkildə minasızlaşdırılmasını tələb edir və əldə olan mina xəritələri etibarsız olduqda bu işi yerinə yetirmək müşkül məsələdir.
Həmçinin qeyd olunub ki, Ermənistanın mina xəritələrini tamlıqla təhvil verməkdən cari zamanadək imtina etməsi bölgədə sülh quruculuğuna mane olur.
İsrailli sabiq nazir sözügedən konfransla bağlı Azərbaycana səfəri çərçivəsində Ağdama ziyarətinə də toxunaraq “Qafqazın Xirosiması” kimi tanınan bu şəhərin məruz qaldığı etnik təmizləmə və dağıntılar nəticəsində bu gün xarabalığa çevrilmiş kabus şəhər olduğunu vurğulayıb. Qeyd olunub ki, Ağdam sakinləri vaxtilə şəhərdə mövcud olmuş teatrlardan, kafelərdən, restoranlardan, qələbəlik çay evlərindən, ibadət yerlərindən, hətta muzeylərdən və tarixi abidələrdən yararlanıblar. Şəhərdəki Çörək Muzeyinə belə aman verməyən erməni vandallar qəbirlərdəki meyitlərin qızıl dişlərini çıxararaq mənimsəyiblər.
Müəllif işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir milyondan artıq minanın basdırıldığını və müharibədən sonra 220-dən çox azərbaycanlının mina partlayışının qurbanı olduğunu da yazıb. O, İsraildə icad olunmuş yeni robot minatəmizləmə texnologiyasının köməyi ilə istənilən növ minanın əl müdaxiləsi olmadan yerin müxtəlif dərinliklərindən təhlükəsiz şəkildə çıxarıldığını qeyd edərək, ölkəmizə məlum səfəri zamanı İsrailin minaların təmizlənməsi sahəsində Azərbaycana texnoloji dəstək vermək imkanını Azərbaycan tərəfinə çatdırdığına diqqət çəkib.
Bu problemin həlli üçün İsrail dövlətinin malik olduğu zəruri texnologiyadan Qolan yüksəkliklərindəki minaları təmizləmək üçün yararlandığını qeyd edən müəllif uzaq məsafələrə göndərilmək üçün nəzərdə tutulan xüsusi sistemlərin minaları dəqiqliklə aşkarlamaq və zərərsizləşdirmək imkanında olduğunu bildirib. Həmçinin qeyd olunub ki, Ermənistanın Azərbaycana təhvil verdiyi mina xəritələrinin yalnız 25%-nin istifadəyə yararlı olması və xəritələrin böyük hissəsinin hələ də ölkəmizə verilməməsi fonunda İsrail yalnız mina axtarışı üçün robotlar yaratmaqda deyil, həmçinin bir çox sahələrdə robotlardan yararlanmaqda ən qabaqcıl ölkə kimi Azərbaycana bu istiqamətdə böyük fayda verə bilər.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.