• Ça. Noy 26th, 2024

İstanbulda “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” keçirildi – FOTO

ByYenigun.news

Fev 26, 2023

Fevralın 25-də  Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” keçirilib.

Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forum Qarabağ savaşında şəhid olanların və Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. 

Forumun açılış nitqini söyləyən layihə rəhbəri və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər qonaqları salamlayaraq Vətən müharibəsində olduğu kimi, “Əsrin fəlakəti” olaraq adlandırılan zəlzələ faciəsində də Azərbaycan və Türkiyə xalqlarının bütün dünyaya birliklərini nümayiş etdirdiyini vurğulayıb.

“Məşhur şair Ədürrəhman Qaraqoçun da dediyi kimi, “Alovlar sizdəysə közü bizdədir // Sizdəki yaranın özü bizdədir”. Həm Qarabağ savaşında, həm də zəlzələ fəlakətində hər iki ölkənin toplumu da həmrəylik nümayiş etdirdi. Bu gün Türkiyə xalqının yanında olduğumuzu, birlik və bərabərliyimizi bir daha sərgiləmək istəyirik. Buna görə də bu qardaşlıq forumunda hər zaman birlikdə, çiyin-çiynə mübarizə apardığımız qardaşlarımızla bərabərik”, – deyə Aqil Ələsgər bildirib.

Aqil Ələsgərin nitqindən sonra İstanbuldakı konsulumuz Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu da çıxış edərək forumun əhəmiyyətinə diqqət çəkiblər. 

Türkiyədə baş verən zəlzələ haqqında danışan Zaur Allahverdi-zadə Azərbaycan dövləti və xalqının Türkiyə üçün səfərbər olduğunu qeyd edib:

“Prezidetimiz cənab İlham Əliyevin tapşırığı ilə Fövqəladə hallar Nazirliyinin axtarış-xilasetmə qrupu zəlzələ bölgələrinə gəldi. Daha sonra generator, qızdırıcılar, çadırlar, qida və ərzaqdan barət yardımlar hava və quru yolla əraziyə göndrildi. Azərbaycanın dörd bir tərəfindən xalq Türkiyədəki qardaşları üçün yardım kampaniyaları başlatdılar. Birlik və bərabərliklə bu çətinliyin dı öhdəsindn gələcək və zəlzələnin yaralarını birlikdə sağaldacağıq”.

Azərbaycan xalqının zəlzələdən zərər çəkənlərə göndərdiyi yardımlar haqda danışan Şamil Ayrım: “Gücümüzü birliyimizdən alırıq”, – deyə vurğulayıb.

Türk xalqlarının gəncləri arasında körpü qurulması yolunda atılan addımlardan bəhs edən Şamil Ayrım bu kimi forumların reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini də bildirib.

ŞKTC millət vəkili Həsən Küçük isə gələcəkdə “Qarabağdan Anadoluya və Anadoludan Kiprə” mövzulu forumun Şimali Kipr Türk Cümhuriyyətində keçirilməsini təklif edib.

Protokol çıxışlarından sonra “Anadoludan Qarabağa: Media Paneli” və “Qarabağdan Anadoluya Gənclər Paneli” təşkil edilib.

“Haber7” saytının baş redaktoru Osman Atəşlinin moderatorluğu ilə keçirilən birinci paneldə “Ülke TV” xəbər koordinatoru Mustafa Yıldız, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı iki ölkə arasındakı media əlaqələrini müzakirə edib, perspektivlər barədə fikir mübadiləsi aparıblar.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdilinin moderatorluğu ilə baş tutan ikinci paneldə jurnalist Aysu Mola, DAVAM Hərəkatının sədri Nihad Allahyarlı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının koordinatoru Altay Mirzəliyev və jurnalist Natiq Çıraqzadə Türkiyə ilə Azərbaycan gəncləri arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlərdən və atılması zəruri olan addımlardan danışıblar.

Forumun sonunda həmrəylik rəmzi olaraq plaketlər təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir