Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklər mövzusu Azərbaycan və Ermənistanın siyasi məkanında getdikcə daha çox müzakirə olunur. Dünən, fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı birbaşa çağırışlar var. Bundan əlavə, bu sənədə istinadlar Ermənistan Konstitusiyasında öz əksini tapıb. Ermənistanın digər hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları var və Ermənistanın qoşulduğu bir çox konvensiya və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı müddəalar yer alır.
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə qeyd edib ki, Ermənistan Konstitusiyasına və digər hüquqi sənədlərə dəyişikliklər edilərsə, sülh əldə oluna bilər.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində konstitusiya referendumunun keçirilməsinin zəruriliyini bəyan edib: “Bu gün, həqiqətən də, biz Müstəqillik Bəyannaməsi ilə bağlı vəziyyəti tənzimləməliyik. Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsindən qidalanacaqsa, yəni Qarabağla Ermənistanın “birləşməsi”ni əsas götürəcəksə, bizdə müharibə qaçılmaz olacaq və heç vaxt sülh üzü görməyəcəyik”.
Bəs Ermənistanın baş nazirinin bəyanatlarına inanmağa dəyərmi? Axı onun tabeliyində olanlar da çox vaxt bu bəyanatlarla razılaşmırlar. Məsələn, onun Ermənistanla Azərbaycan arasında bir növ “hücum etməmək haqqında paktı” imzalamaq təklifi ilə bağlı durumda olduğu kimi. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, əslində, rəhbərinin sözlərini bir növ rədd edərək, bunu “siyasi” bəyanat adlandırdı. Onun fikrincə, müzakirələrin başqa mərhələyə keçməsi üçün “adekvat müsbət rəylərə” ehtiyac var.
Vəziyyəti Oxu.Az-a sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan şərh edib:
– Prinsipcə, dünyada elə hallar var ki, məmurlar və xarici işlər orqanlarının nümayəndələri öz ölkələrinin rəhbərlərinin bəyanatlarını “təmizə çıxarırlar”. ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Cinpini “diktator” adlandırması buna bariz nümunədir. Bundan sonra ABŞ-nin Dövlət katibi Antoni Blinken vəziyyəti düzəltməyə çalışdı.
Paşinyanın davranışına gəlincə, buna erməni prizmasından baxmaq lazımdır və o zaman çox şey aydın olacaq. Doğrudan da, o, tez-tez gözəl söz xətrinə, ekspert qiymətləndirməsi olmadan daxili auditoriyaya, müəyyən qədər də xarici auditoriyaya oynayaraq açıqlamalar verir.
– Ermənistanda siyasətçilərin və ekspertlərin paylaşımlarına və açıqlamalarına əsaslansaq, ölkənin gerbinə, himninə və Konstitusiyasına dəyişikliklərin aktiv müzakirəsi gedir. Dünən Nikol Paşinyan bunu yenidən deyib. Bu günlərdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistanın himni və gerbinin dəyişdirilməsinin zəruriliyini bəyan edib. Bir çox erməni ekspertlər ölkə Konstitusiyasının hətta birinci sətrində Azərbaycana qarşı ərazi iddialarının olması ilə razılaşırlar. Düzdür, onlar ehtiyat edirlər ki, Paşinyan Konstitusiyanı dəyişdirməklə hazırkı Müstəqillik Bəyannaməsinə əsaslanan üçüncü respublikanın tarixini bağlamaq istəyir.
– Ermənistanın Sovet İttifaqının dağılmasından bu günə qədərki inkişafına nəzər salaq. Ermənistan Respublikası Müstəqillik Bəyannaməsi ilə təşəkkül tapdı. Bəs o zaman Ermənistan faktiki müstəqil ölkə idimi? Dövlət aparatı yox idi, məmurların beynəlxalq təşkilatlarla ünsiyyət təcrübəsi yox idi. Müstəqil respublikanın yaranması onun var olması demək deyildi. Bu proses indi gedir. Ona Nikol Paşinyan rəhbərlik edir.
Ermənistan dövlətçiliyinin formalaşması, suverenlik əldə etməsi – bütün bunlar indiki zamanda baş verir. Əslində, bir ölkə doğulur. İndi bizə yeni Müstəqillik Bəyannaməsi lazımdır, biz arzu-niyyət bəyannaməsi yazmamalı, olanı bəyan etməliyik. Üstəlik, əgər biz bu sənədi Konstitusiyada qeyd edəcəyiksə, orada sabah dəyişilməli heç bir məqam ola bilməz, çünki o zaman bütün hüquqi struktur yenidən dəyişdirilməli olacaq.
Hesab edirəm ki, köhnə Müstəqillik Bəyannaməsi səhv idi. Konstitusiya isə qeyri-qanuni qəbul edilib, çünki orada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu bəyannamə Konstitusiyaya daxil edilərkən mətndə beynəlxalq münaqişəni nəzərdə tutan müddəaların olması xalqa izah edilmədi. Amma qanuna görə, bütün məqamlar aydınlaşdırılmalı idi.
Bir çox erməni ancaq bu yaxınlarda, səs-küy, müzakirələr başlayanda xəbər tutdu ki, Bəyannamədə və müvafiq olaraq Konstitusiyada belə məqamlar var. Deməli, bir daha deyirəm, ölkənin əsas qanunu qeyri-qanuni sayıla bilər, ona görə də biz yeni sənəd üzərində işə başlamalıyıq.
Nikol Paşinyanın qurmağa çalışdığı yeni ölkə üçün yeni Konstitusiya lazımdır. Əgər o bacararsa, o zaman müstəqil Ermənistan yaranacaq ki, məntiqlə bu, indiki üçüncü respublika ilə heç bir əlaqəsi olmayan dördüncü respublikaya çevriləcək.
– Erməni analitiklər, məsələn, Beniamin Matevosyan və başqaları çox yazırlar ki, “artsax”sız üçüncü Ermənistan Respublikasının mövcud olmasının mənası yoxdur.
– Mən belə cavab verim: Ermənistan qanunlarından belə çıxır ki, “artsax” hər şeydir, Ermənistan isə heç nədir. “Artsax”a pul və insan həyatı heyfsilənmədən xərclənsə də, orada insanların hansı şəraitdə yaşadığını heç kim düşünmürdü. Bura təkcə Ermənistanın deyil, həm də diasporun çirkli pullarının yuyulması üçün cinayətkar beynəlxalq ocaq idi.
Amma mən qəti şəkildə “artsax”ın Ermənistan üçün vacib və zəruri olması ilə razı deyiləm. Bu, Ermənistanın dövlət təhlükəsizliyinə təhdiddir. Gec-tez “artsax” sözünün Ermənistanda, hətta gündəlik həyatda da işlədilməsi qadağan edilə bilər.
Nair Əliyev