“İtaliya Azərbaycandan ixrac olunan təbii qazı Avropanın digər ölkələrinə ötürmək üçün bütün infrastruktura malikdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin deyib.
Bildirib ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İtaliya Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmini artırmaq üçün Trans-Adriatik (TAP) qaz kəmərinin imkanlarını daha artırmaq istiqamətində işləri davam etdirir. Azərbaycan böyük qaz ehtiyatına malikdir və 2027-ci ildə Avropaya qaz ixracının həcmini 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdıracaq. Buna görə də İtaliya yeni infrastruktur yaradır ki, gələcəkdə 30 milyard kubmetrə qədər qazı qəbul edib paylaya bilsin.
“Cənub Qaz Dəhlizi Azərbaycanın irəli sürdüyü ən vacib beynəlxalq əhəmiyyətli enerji layihəsidir. İtaliya Azərbaycanı etibarlı tərəfdaş hesab edərək bu layihəni nəinki dəstəkləyib, eyni zamanda buna qoşularaq layihənin tərkib hissəsi olan TAP-ın reallaşmasında mühüm işlər görüb”, – deyə nazir qeyd edib.