“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu getdikcə daha böyük miqyas alır”.
“Report” xəbər verir ki, bunu Qlobal Kompas təşkilatının təsisçisi Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar iclasında deyib.
“Biz bu forumda ilk dəfə görüşəndə tədbir fərqli formatda idi. Əvvəlcə mədəni dialoqun genişləndirilməsində maraqlı olan kiçik bir fəallar qrupu idi. Bunun hazırda dialoq, sülh və təhlükəsizlik sahəsində necə bir pionerə çevrildiyini görmək dərin təəssürat bağışlayır”, – deyə o bildirib.
Jan Kristof Bas müasir çağırışları nəzərə alaraq qlobal problemlərin həlli üçün belə tədbirlərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.