• Be. Noy 25th, 2024

Jirinovskiyə nəhayət ölməyə icazə verdilər: sələfləri “sağ olsunlar”

ByYenigun.news

Apr 6, 2022

Kubra Məhərrəmova yazır…

Rəsmi Kreml uzun danışıqlardan sonra, nəhayət ki, bu gün rəsmi olaraq Jirinovskiyə ölməyə icazə verdi. Mənim yadımda olan azı 3 dəfə Jirinovskinin ölüm xəbəri çıxıb. Hər dəfə də ilkin məlumat rəsmi orqanlardan gəlsə də, daha sonra elə rəsmi qaydada da inkar olunub. 

Uzun illərdir Kremlin qeyri-rəsmi ruporu olan Jirinovski öz “şərəfli” vəzifəsini öləndən sonra da yerinə yetirdi. Belə ki, Kremlin icazəsi olmadan ölmədi. Şredinqerin pişiyi kimi. Həm ölü pişik oldu, həm də diri. 

Dedilər Jirinovski diridir, səsini çıxartmadı, dedilər öldü, yenə də səsini çıxartmadı. 

Nə yaxşı ki, Jirinovskinin “derjava və imperiya” xülyası ürəyində qaldı. Bütün müsahibələrində, Dövlət Dumasında etdikləri çıxışlarda hər zaman Azərbaycanı təhdid və təhqir edən Jirinovski Azərbaycan xalqının haqlı olaraq nifrətini qazanmışdı. İkinci Qarabağ Müharibəsi dövründə 44 gün dayanmadan Azərbaycanı təhdid etməyi də yadımızdan çıxmayıb. 

“Azərbaycan olmayacaq, olacaq Bakı quberniyası…” deməyi də yadımızdadır. 

Təbii ki, rəsmi Kremlə belə adamlar lazımdır. Özü rəsmi qaydada deyə bilmədiyi təhdid cümlələrini belələrinin ağzıyla desin. 
Amma görün necə də maraqlı gedişat oldu, Jirinovski getdi, amma müstəqil Azərbaycan yerindədir. Ərazi bütövlüyünü də bərpa etdi. 

Jirinovski ölsə də, onun sələfləri kifayət qədərdir. Onların dünyaya ağalıq etmək iddiaları o qədər yüksəkdir ki, reallığı dərk etməkdə çətinlik çəkirlər. Hələ də anlamırlar ki, Azərbaycan Rusiyanın müstəmləkəsi deyil, rəsmi Bakı müstəqildir və öz xarici və daxili siyasətini özü müəyyən edir. 

Özü bilir qoşunlarını hara çəkir, harada post qurur, hansı yüksəkliyi nəzarətə götürür. 

Əziz Jirinovskinin sələfləri, elə Putin demişkən “xoşun gəlsə də, gəlməsə də döz mənim gözəlim” ifadəsi yerinə düşür.

Bəli, qəbullanacaqsınız, anlayacaqsınız, biz müstəqil və suveren ölkəyik! Bizim öz prezidentimiz var, öz ordumuz var, öz müttəfiqlərimiz var. 

Hə, yeri gəlmişkən, Rusiya ilə də Azərbaycan müttəfiqlik bəyannaməsi imzalayıb. Bu bir daha sübut edir ki, burada, geosiyasi meydanda Azərbaycan Rusiyanın əlaltısı deyil, tərəfdaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir