Bu il Kəlbəcər rayonunda daha yeddi yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə dörd kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, 2026-cı ilədək biri şəhər, biri qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
N.Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb:
“Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilib və hazırda Baş Planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-26-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır”.
Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.