“2023-cü ilin fevral ayında Türkiyədə baş verən zəlzələ bütün türk dünyasını sarsıdıb. Təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib.
Nazir deyib ki, bu çərçivədə fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.
“Təbii və texnogen xarakterli fövqəladə hallar getdikcə geniş vüsət alır”, – K.Heydərov əlavə edib.
Müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən K.Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımız azad edilib:
“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edirik. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilir”.
İlhamə Əbülfət