“Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır, həyatını itirən qurbanları və insanların davam edən iztirablarını dərin hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi dinc əhalinin faciəli itkisinin heç vaxt təkrarlanmamasını qətiyyətlə müdafiə edib”.
Bu, Kanada xarici işlər nazirinin bu ölkədəki azərbaycanlı icmanın Kanada hökumətinə müraciətinə (petisiyasına) cavabında əksini tapıb.
Bildirilib ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır:
“Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üçün ikitərəfli mexanizmlərin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi ilə bağlı liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir. Kanada bu istiqamətdə atılan addımları alqışlayır və ATƏT-in Minsk Qrupunun davam edən və gələcək işlərinə dəstək verməkdə davam edir”.
Diqqətə çatdırlıb ki, Kanada XİN Ermənistan və Azərbaycan hakimiyyət orqanları və Kanadadakı diaspor icmaları ilə müntəzəm dialoq aparır:
“Məsələn, xarici işlər naziri və Azərbaycanlı Kanadalılar Şəbəkəsi (NAC) arasında 2021-ci ilin dekabrında keçirilən görüş, eləcə də Kanada səfiri və icma arasında görüşlər, 2021-ci ilin noyabrında isə Kanadanın Ermənistandakı səfiri və icma ilə görüş buna nümunə ola bilər”.
Qeyd olunub ki, Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu istiqamətdə səylərə töhfə verməyə hazırdır.