• Şb. Noy 23rd, 2024

Kanadadan nümunə götürən Ermənistan: Kütləvi məzarlıqlar, soyqırımı – ŞƏRH + FOTO

ByYenigun.news

Okt 30, 2023


Fransa ilə yanaşı, “ermənidən artıq erməni olan” dövlətlərin sırasında Kanada da var. Mövcudluğu ərzində dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən, neytral qalmağa çalışan Kanada hökumətində son bir neçə ildə saxta “erməni sevgisi” pik həddə yüksəlib. Anti-Azərbaycan isterikası isə ölkə rəhbərliyində özünü daha qabarıq göstərir. Artıq Azərbaycana qarşı sanksiyaların tətbiqindən dəm vurmağa başlayıblar.

Üzərində “marionet dövlət” damğası olan Kanada aldığı əmrə uyğun olaraq 2020-ci ildən Azərbaycan və Türkiyəni hədəf alıb. Sözsüz ki, rəsmi Ottavanı ermənilərə “sevgi” nümayiş etdirməyə məcbur edirlər. Bu dövlətlər isə ABŞ və Fransadır. Halbuki, kanadalılar arasında sorğu keçirilsə, əksəriyyətinin nə bölgədən, nə də artıq həllini tapan Qarabağ məsələsindən xəbəri olacaq. Ermənistanla ondan onminlərlə kilometr uzaqlarda yerləşən Kanada arasında heç bir iqtisadi, siyasi, eləcə də tarixi bağlılıq olmadığı halda, ölkə rəhbərliyi heç bir əsaslı fakt, arqument ortaya qoymadan Ermənistanın məsələlərini özü üçün prioritet elan edib.

Ermənistanı “su yolu”na döndərən Kanadanın xarici işlər naziri xanım Melani Coli anti-Azərbaycan isterikasının başında durur. O, riyakarcasına Azərbaycandan tələb edib ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Özü də Kanadanın xarici işlər naziri artıq neçənci dəfədir ki, bütün etik çərçivə və normaları aşaraq anti-Azərbaycan bəyanatlardan çıxış edir. Ermənistanın 30 illik işğalı zamanı səsi çıxmayan Kanada bütün beynəlxalq hüquq normalarını pozduğunu da anlamır, nə BMT-nin bölgəyə səfər edən missiyasının, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatlarına nəzər salır.

Cənubi Qafqazda “savaşa qoşulan” Fransanın diktəsi ilə oturub-duran Kanadanın son tezisləri Parisdən və ABŞ-dən aldığı gün kimi aydındır. Yoxsa indiyə qədər heç bir beynəlxalq münaqişəyə rəy belə, bildirməyən Kanadaya nə düşüb ki, durub bir ovuc erməni ilə maraqlansın? XİN rəhbəri ölkəsində aborigen hindu əhalinin başına hansı müsibətləri gətirdiklərini, yəqin, unutmamış deyil. Unudubsa, yalnız son illər ərzində hinduların basdırıldığı saysız-hesabsız kütləvi məzarlıqlara nəzər salsın. Ermənilər də, güman ki, onlardan ilhamlanaraq Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, Kanadadan nümunə götürərək soydaşlarımızı kütləvi məzarlıqlarda basdırıb.

Yerli xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri etnik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

Əvvəlcə yerli hindu uşaqları üçün 1840-cı ildə bu ölkədə açılan və çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktlarını yada salaq. Həmin internat məktəblərində 150 mindən çox yerli uşaq saxlanılıb. Hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb. Baş verənlər 2015-ci ildə “mədəni soyqırımı” olaraq xarakterizə edilib. Bu cür faktlar qarşısında kanadalı nazirin nəinki Azərbaycana qarşı fikir səsləndirməsinə, hətta demokratiya və etikadan danışmağa belə haqqı yoxdur.

İkincisi, kanadalı nazirin səsləndirdiyi açıqlamalar onun XİN başçısı kimi səriştəsizliyini üzə çıxarıb. Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir.

Üçüncüsü, Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan və Parisdən gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Burada belə bir analogiya da apara bilərik: Kanada ilə ABŞ-nin hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Ştat qubernatorları belə, bəzən Vaşinqtondan fərqli mövqe tuta bilərlər, Kanadanın hökumətinin isə belə bir səlahiyyəti də yoxdur.Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri də yoxdur. Əks halda, o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Mövcud siyasi vəziyyətə görə Çinin buna razılıq verməsi mümkün görünmür, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır.

Bu isə o deməkdir ki, Kanada Azərbaycana yox, Azərbaycan Kanadaya sanksiya tətbiq edə bilər.

Yekun olaraq onu deyək ki, bir xalqı məhv edib, soyqırımı törədərək yaranan ölkənin Azərbaycanı etnik təmizləmədə ittiham etməsinə nə reallıq, nə də tarixi həqiqətlər yol verir. Daha öncə Azərbaycana qarşı qərəzli, birtərəfli fikirlər səsləndirən ölkələrin planları həqiqətlər qarşısında iflasa uğradı. Kanada da bu aqibətdən qaça bilməyəcək, öz payına düşəni alacaq. Azərbaycan bu gün regionda böyük söz sahibidir, onun imzası olmadan bölgədə heç bir layihə həyata keçmir. Ermənistan da bunu nəzərə alsa, Fransa və Kanada kimi dövlətlərin çağırışlarını qulaqardına vursa, yaxşı olar. Kanada isə Azərbaycanı sanksiyalarla hədələməkdənsə, regionda sülh çağırışlarına qoşulsa daha məqsədəuyğun olar.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir