“Sabah oyananda gözümüzü Laçında açacağıq. Bu hissləri sözlə ifadə etmək çox çətindir”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən olan keçmiş məcburi köçkün Rasim Məmmədhəsən oğlu Nəsirov deyib.
O bildirib ki, körpə övladları ilə çıxdığı Laçın şəhərinə artıq nəvələri ilə qayıdır:
“Çox sevincliyəm. 41 yaşımda çıxdığım el-obama 73 yaşımda qayıdıram. Heç vaxt bu günləri görəcəyim ağlıma gəlməzdi. Şükürlər olsun ki, bu yaşımda bu günləri yaşadım.
Köçkün həyatımızı Sumqayıtda “Sarıqaya” massivində keçirmişik. Nə qədər yaxşı şəraitimiz olsa da, bizə Laçının yerini verə bilməzdi.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə və Zabux kəndinə yola salınıb. Bu mərhələdə daha 25 ailə (79 nəfər) öz doğma yurduna köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova