• Şb. Noy 30th, 2024

Keniyalı ekoaktivist: “Arazdəyəndə zavodun inşası ciddi ictimai səhiyyə böhranı yarada bilər”

ByYenigun.news

İyl 14, 2023


“Arazdəyəndə metallurgiya zavodunun inşası Azərbaycan və Ermənistanda ciddi ictimai səhiyyə böhranı yarada bilər”.

Bunu APA-ya açıqlamasında keniyalı ekoaktivist Piter Nqola deyib.

O, vətəndaş cəmiyyəti təşkilatlarının zavodun inşasına qarşı olduğunu diqqətə çatdırıb. Ekoaktivistin sözlərinə görə, bu cür müəssisələrin fəsadları yalnız fəaliyyət göstərdikləri regionla məhdudlaşmır, bütün planet üçün təhdid təşkil edir:

“Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri böyükdür. Bu ekoloji təsir insan sağlamlığı ilə yanaşı, flora və faunaya, torpağa, havaya və su strukturlarına mütləq şəkildə təsir göstərəcək. Bu tullantıların Araz çayına axıdılması kimi qorxulu bir ehtimal da mövcuddur. Bu, çayda yaşayan canlıları məhv etməklə yanaşı, ondan suvarma məqsədilə istifadə edən iri təsərrüfatlar üçün haqlı narahatlıq yaradır. İçməli su təchizatının zədələnməsi sərhəd kəndlərində yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Odur ki, bu zavodun inşası potensial olaraq həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai sağlamlıq böhranı yarada bilər”.

Piter Nqola qeyd edib ki, metallurgiya zavodunun səbəb olacağı zərərlər onun maddi gəlirlərindən çox olacaq:

“Maddi gəlirlər insan sağlamlığından daha vacib olmamalıdır. Bu layihəyə yönəldilmiş hər bir investisiya potensial olaraq insanların həyatının riskə atılması anlamına gəlir. Ermənistan “Aarhus Konvensiyası”nı imzalayan tərəflərdən biridir, ona görə də öz öhdəliklərini yerinə yetirərək zavodun fəaliyyəti ilə bağlı aidiyyəti icmalara məlumatlara çıxış imkanı yaratmalı, qərar qəbulu prosesində onların iştirakını təmin etməlidir. Biz Ermənistandan vətəndaş cəmiyyəti təşkilatları və yerli icmaların bu böyük polad zavodunun tikintisi ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirakı üçün əlverişli mühit yaratmasını tələb edirik. BMT-nin Biznes və İnsan Hüquqları üzrə Ali Prinsipləri mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını müdafiə etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalan icmalarla şəffaf və inklüziv şəkildə əlaqə saxlanılması zərurətini vurğulayır. Biz Arazdəyəndə metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir