Qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.
Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb.
Eləcə də, fəaliyyətində daha əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.
Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.