• Ca. Noy 28th, 2024

Kreml Ermənistanı xəbərdar edir – ŞƏRH

ByYenigun.news

Sen 11, 2023


Rusiya Ermənistanın ABŞ ilə birgə “Qartal tərəfdaşı 2023” adlı hərbi təlimini keçirməsinə görə İrəvana diplomatik incəliklə xəbərdarlıq edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yox, ABŞ ilə birgə təlim keçirməsi ciddi təhlil tələb edir.

Peskovun dilinin altındakı “Rusiya Ermənistanı edam taxtına çıxarmaq üçün əlindən gələni edəcək” subliminal mesajını özündə ehtiva edə bilər.

Moskvanın İrəvanın qərarlarında tapdığı nöqsanların sayı çoxalır, bu da Kremli şirnikləndirir ki, Ermənistanı lazım olan yerə oturtsun.

Peskov bir daha Rusiya-Ermənistan münasibətlərindəki müttəfiqlik və tərəfdaşlıq münasibətlərindən bəhs edib, hərçənd, bunlar ikitərəfli əlaqələrdə yalnız kağız üzərində bərqərar olub.

Ermənistan Rusiyanın onu qorumamasından, Moskva isə İrəvanın Kremlə naxələf çıxmasından gileylənir. Bu tendensiya gələcəklə bağlı Rusiyanın Ermənistana qarşı strateji planını mənalandıran şəkil almaqdadır.

Peskov Ermənistana çağırış edir ki, KTMT-nin üzvü kimi öhdəliklərini yerinə yetirsin. Kremlin rəsmisi Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi siqnallar almadıqlarını deməklə, əslində, “sənin KTMT-dən çıxmaq hünərin yoxdur” mesajını əyan etdirir.

O başqa mövzudur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yön alan baxışları İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmaq gücündə deyil. Çünki Paşinyan arada Rusiyaya da xeyirlər verir, elə onun Qərbin adamı kimi tanıdılması Moskvanın regiona müdaxilə imkanlarını genişləndirmək üçün rıçaqlarını itiləşdirir.

Bu mənada, Ermənistanın adının Rusiyanı Ukraynadakı müharibə səbəbilə üzləşdiyi sanksiya dalğasından yayındıran ölkələr sırasında çəkilməsinə də diqqət yetirmək əhəmiyyətlidir.

Amma Ermənistan bunu tərəfdaşlıq prinsipi ilə deyil, vassallıqdan irəli gələn tələblərin reallaşdırılması kontekstində həyata keçirir.

Səbəblərdən asılı olmayaraq Rusiya Ermənistan üzərində cırılması mümkün olmayan izolyasiya qatı çəkməkdə maraqlı tərəf kimi görünür.

Ola bilsin ki, Rusiya bunu Ukraynadakı müharibənin nəticələri ilə uyğunlaşdırıb reallaşdırmaq istəyir, hələlik isə Moskva Qərb qarşısında strateji itki riskləri ilə üzləşib.

Əgər Rusiya itkilərini kompensasiya edə bilsə, Ermənistan nişangah seçiləcək, hərçənd, Moskva, məğlub olsa belə, İrəvanı daha qəzəbli şəkildə cəzalandıra bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir