Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbə qarşı nüvə ritorikasını, belə demək mümkündürsə, ikiqat artırıb.
Medvedev NATO-nun Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirəcəyini bəyan edib.
Medvedevin bəyanatı Rusiyanın qeyri-strateji nüvə silahları (taktiki) üzrə təlimlərinin keçirilməsinin perspektiv hərbi hədəfini izah edir.
Lakin Medvedevin istinad etdiyi tip strateji nüvə silahlarının deyil, taktiki nüvə silahlarının tətbiqini nəzərdə tutur. Yəni Medvedev bildirir ki, Rusiya taktiki nüvə silahları ilə belə Vaşinqtonu, Parisi və Londonu vura bilər.
Bu, Moskvanın hələ strateji nüvə silahlarından istifadə edəcəyi təqdirdə yarana biləcək bəşəri fəlakətə inandırma əməliyyatının tərkib hissəsidir.
Lakin Rusiyada da bilirlər ki, Moskvada nüvə düyməsinə basılsa, NATO-nun, o cümlədən ABŞ, Britaniya və Fransanın bunun qisasını almaq üçün cavabı daha ağır ola bilər.
Bu baxımdan hazırda Moskvanın şiddətlənən nüvə təhdidləri daha çox:
– Ukraynanı dəstəkləyən ölkələrə qarşı Kremlin duruş gətirməsi üçün seçdiyi leksikondur,
– Moskvanın müəyyən “qırmızı xət”ləri keçildiyi təqdirdə, qeyri-strateji nüvə silahlarından istifadəyə qərar verəcəyinə Qərbi inandırmaqdır.
Cənab Medvedevin qorxu yaratmaq aktı həm də o zamana təsadüf edir ki, ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib.
Üstəlik, Qərbdə Ukraynaya “F-16” qırıcılarının göndərilməsini öhdəliyinə götürən dövlətlərə qarşı xəbərdarlıqdır.
Deməli, Kreml Medvedevin dili ilə çatdırır ki:
– Əsasən ABŞ, Böyük Britaniya və Fransanı Ukraynaya hər hansı sensasiyalı dəstək aktından geri çəkilməyə məcbur etmək niyyətindədir,
– Rusiyanın taktiki nüvə silahları üzrə təlimləri Qərbdə Ukraynaya dəstək üçün qərar verənlərə qarşı çəkindirmədir.
Amma məntiqlə indiki vəziyyətdə Rusiyanın nüvə silahını müharibə meydanında və ya ondan kənarda tətbiq etmək ehtimalı olduqca zəif versiya kimi səslənir.
Həm də ona görə ki, Rusiya Ukrayna geniş nəzarət zolağı yarada bilib və onun yeni irəliləyişləri qeydə alınır. Bu vəziyyətdə nüvə silahlarının atılması bir o qədər real səslənmir.
Aqşin Kərimov