Avqustun 29-da səhər tezdən Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə Bakıdan Xankəndinə ümumi çəkisi 40 ton olan ərzaq yükü göndərilib. Bakıda bu addımın beynəlxalq ictimaiyyət və Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirilmə zonasında yaşayan erməni əhalisi tərəfindən müsbət qarşılanacağına ümid edirdilər. Lakin artıq bir neçə gündür ki, Əsgəranın girişində ərzaq yükü dayanır, çünki “ac” Qarabağ erməniləri onu qəbul etməkdən qəti şəkildə imtina edirlər. Bununla yanaşı, həm Xankəndidəki, həm də İrəvandakı ermənilər bütün yükləri “yalnız Laçın vasitəsilə” qəbul etməyə hazır olduqlarını mantra kimi təkrarlamaqda davam edirlər.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs olunur.
“Bakıda dəfələrlə vurğulandığı kimi, Laçın yolu vasitəsilə hər hansı yükün çatdırılması üçün istifadə yalnız Qarabağın erməni əhalisinin nümayəndələri ilə birbaşa dialoqa başlandıqdan və bir sıra zəruri ilkin texniki tədbirlər görüldükdən sonra mümkündür. Təbii ki, bu yoldan Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük nəzarəti qaydalarına uyğun olaraq istifadə edilməlidir. Bu tələb də qanuna uyğundur, çünki 30 ilə yaxındır ki, Ermənistan ölkəmizin gömrük qaydalarını pozaraq, Azərbaycan Qarabağına gətirilən mallara görə gömrük rüsumlarını öz xəzinəsinə yığaraq Azərbaycanın dövlət büdcəsinə böyük ziyan vurub. Lakin İrəvanda və dünyanın digər paytaxtlarında “120 min erməninin aclığından” çox narahat olanlar bunu “qulağında sırğa” etməlidirlər: Ermənistanın Laçın yolu ilə Qarabağa gətirdiyi mallardan qeyri-qanuni gəlir əldə etdiyi dövr artıq bitib”, – deyə, materialda qeyd olunur.
Daha ətraflı videoda: