Ermənistanı Gürcüstan vasitəsilə Rusiyaya birləşdirən Yuxarı Lars keçid məntəqəsi ilə bağlı növbəti problem ortaya çıxıb. Uzun müddətdir erməni hökuməti üçün əsl başağrıya çevrilən bu məntəqə növbəti dəfə Rusiya tərəfindən bağlanıb. Rəsmi İrəvan məsələni siyasiləşdirməməyə çalışsa da, əslində keçidin bağlanması baş nazir Nikol Paşinyanın KTMT sammitində iştirak etməkdən imtina etməsi ilə eyni vaxta düşüb.
Kremlin Ermənistana qarşı iqtisadi rıçaqlarından ara-sıra istifadə etməsini nəzərə alsaq, budəfəki məsələnin də Nikol Paşinyana bir mesaj olduğunu düşünmək olar. Erməni istehsalçılar artıq beş gündür ki, öz məhsullarını Rusiya bazarlarına daşıya bilmirlər. Əsasən, balıq, gül və digər kənd təsərrüfatı məhsullarını daşıyan 1 700 yük maşını Larsda ilişib.
2022-ci ildə Ermənistanın 5,42 milyard dollarlıq ixracında Rusiyanın payı 2,643 milyard, yəni ümumi ixracın 45,5 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici artaraq 52 faiz və ya 2,645 milyard dollar təşkil edib. Belə olduğu halda, Nikol Paşinyan hökumətinin real və mütərəqqi inkişaf potensialı olan Rusiya ilə xarici ticarət və iqtisadi əlaqələrini Qərbin qoynuna sığınaraq təhlükəyə atması başadüşülən deyil. Son dövrlər hay dövlətində anti-Rusiya əhvali-ruhiyyəsi günü-gündən artır. İş o həddə çatıb ki, artıq Ermənistanda yayımlanan Rusiya telekanallarının bağlanması müzakirə mövzusuna çevrilib. Hətta ölkə ərazisinə rus dilində kitabların gətirilməsinin qarşısını da almağa çalışırlar. Məsələ bununla da bitmir. “Armbrok” erməni broker şirkəti rusiyalı müştərilərin hesabını bağlamaq barədə qərar qəbul edib. Bütün bu hərəkətlər isə Kremlin səbrinin daşmasına səbəb olub və rəsmi Moskva hərəkətə keçməyə qərar verib.
Erməni müxalifəti Paşinyan hökumətini yarıtmaz siyasət yürütməklə Moskvanın qəzəb oxunu üzərinə çəkməkdə ittiham edir. İttihamlar isə yersiz deyil.
“Rosselxoznadzor” Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların tez-tez baş verməsindən narahatlığını bildirib. Agentliyin saytında qeyd edildiyi kimi, 2023-cü ildə “Rosselxoznadzor”un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən ediblər. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb – təkcə noyabrın 24-dən 26-dək Rusiyaya yoluxmuş gül, xiyar, quru meyvə, üzüm, gülkələmi, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb.
Ermənistan tərəfi isə siyasi motivləri etiraf etməkdən çəkinir. Məsələn, “Karqo Ekspress” şirkətinin direktoru Artur Qabeşyan bildirib ki, hərəkətin dayanmasına səbəb hava şəraitidir. Paşinyan aparatının rəhbəri Arayik Arutyunyan isə bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. Bundan əlavə, erməni rəsmisi diaspora müraciət edərək, erməniləri Ermənistan istehsalı olan malları almağa səsləyib və bununla da məsələni bitmiş hesab edib. Arutyunyanın fikrinə görə, diaspor erməniləri bu malları almağa üstünlük versələr, iqtisadi problemi həll etmiş olacaqlar. Ermənistan parlamentinin spikeri Alen Simonyan da açıqlama verərək qeyd edib ki, Lars keçid məntəqəsinin bağlanmasında siyasi səbəblər yoxdur.
Bu yaxınlara qədər Ermənistan hökumət başçısının Rusiyanın təmsil olunduğu və təşkil etdiyi iclaslarda iştirak etməyəcəyi barədə İrəvandakı siyasi kulislərdə söhbətlər dolaşırdı. Paşinyan və komandası isə bunu əməlləri ilə sübuta yetirirdilər. Amma Lars keçid məntəqəsində baş verən son hadisədən sonra erməni hökuməti boyun əymək qərarına gəlib. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan qeyd edib ki, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq şəhərində keçiriləcək sammitində iştirak etməlidir. Bundan əlavə, baş nazirin mətbuat katibi Nazella Bağdasaryan da xəbəri təkzib etməyib və dəqiqləşdirmədən sonra rəsmi məlumat veriləcəyini bildirib.
Qeyd etmək yerinə düşər ki, bu sammitdə Ermənistan Aİİ-yə sədrlik edəcək. Erməni hökumət başçısının da bu tədbirdə iştirakı artıq məcburiyyət halını alıb. Hər nə qədər Rusiyadan uzaq gəzməyə çalışılsa da, Moskvanın himayəsi altında keçirilən tədbirlərdən imtina edilsə də, erməni rəsmilər dərk ediblər ki, Aİİ Ermənistanda istehsal edilən məhsulların istehlak edildiyi yeganə bazardır. Bu bazardan imtina etsələr, Avropa İttifaqında bazar tapmaq yaxın gələcəkdə qeyri-mümkün görünür. Çünki söhbət Avropa bazarlarından gedirsə, erməni iş adamlarının Qərb standartlarına uyğunlaşması böyük zaman və ciddi iş tələb edir. Məsələn, Avropa bazarına mal ixrac etmək istəyən erməni fermer otlaq sahəsinin tərkibi, suvarma sistemi, suyun tərkibi və digər xırda detallarla bağlı sertifikatlar təqdim etməlidir. Əks halda, bazarın qapısına belə buraxılmayacaq. Qərbə inteqrasiya nağılı ilə erməni iş adamlarını yuxuya verməyə çalışan Paşinyan komandası müəyyən sektorlara subsidiya verməklə şirkətlərin məhsuldarlığını artıracaqlarına ümid edirdi. Əslində isə vəziyyət başqadır. Adi bir fakt – əgər Ermənistan Aİİ sıralarını tərk etsə, dünya bazarı qiymətinə qaz almaq məcburiyyəti ilə üzləşəcək. Belə olduğu halda, erməni iş adamlarının istehsal etdiyi məhsulun dəyərini hesablamaq lazımdır. Bahalaşma qaçılmazdır.
Maraqlıdır ki, erməni siyasətçilər Avropadan gələn qonaqlarla görüşlərdə azad bazardan, iqtisadi inhisarların aradan qaldırılmasından ağızdolusu danışırlar. Amma bu danışıqlar hələlik Ermənistana xarici investisiya gətirmir. Xarici təhlükəsizlik siyasətini vektorlar arasında “xərcləyən”, tez-tez yeni müharibə və eskalasiya riskindən danışan ən yüksək hakimiyyət orqanları və siyasi sistemin ölkəni iqtisadi cəhətdən riskə atdığı göz önündədir. Hər fürsət düşəndə Azərbaycanın müharibəyə hazırlaşması, sərhəddə toqquşmanın bu yaxınlarda baş verəcəyi barədə ağılsız açıqlama verərək Qərb havadarlarının çaldığı havaya oynayan Ermənistan hökuməti, əslində, ölkəyə cəlb olunacaq investisiyaları şübhə altına alır. Onsuz da, son illər erməni hökuməti xarici əlaqələrdə etibarsız dövlət kimi tanınır. Müttəfiq və tərəfdaş ölkələrlə qeyri-stabil əlaqələrə malikdir. Belə dövlətə hansı Qərb iş adamı sərmayəsini etibar edə bilər? Şübhəsiz ki, belə bir ölkədə uzunmüddətli investisiya və kapital qoyuluşu etməyə suyu üfləyə-üfləyə içən Avropa şirkətləri maraqlı deyil.
Böyük biznes və xüsusən də xarici investisiyalar istənilən dövlətin həssas hissələridir. Hazırda isə Ermənistanda təhlükəsizlik, sabitlik, sosial ədalət, siyasi proqnozlaşdırma, zəmanətli ixrac və idxal siyasəti, investisiya cəlbi sahəsində anarxiya hökm sürür. Mövcud vəziyyət isə xarici oyunçuların Paşinyan hökumətindən açıq şəkildə istifadə edərək, öz maraqları naminə strateji planlarını irəli sürməsindən xəbər verir. Bu sıraya istər İran, istər ABŞ, istərsə də Qərb, xüsusilə də Fransa daxildir.
Göründüyü kimi, Ermənistanın Rusiyadan qopma cəhdi iqtisadi fəlakətlə nəticələnə bilər. Kremlin Lars keçid məntəqəsindəki rıçaqını işə salması qonşu dövlətdə ciddi problemlərə səbəb olub. Buna görə də Nikol Paşinyanın Aİİ sammitində iştirakı artıq təmsil etdiyi dövlətin Rusiya qarşısında boyun əyməsidir. Yaxın gələcəkdə isə erməni dövlətinin Moskva boyunduruğunda çox sürünəcəyini görəcəyik. Çünki Rusiyanın Ermənistanda çox ciddi iqtisadi rıçaqları var…
“Report” İnformasiya Agentliyi