• Ç. Noy 27th, 2024

Leyla Əliyevanın təşəbbüsü ilə Cenevrədə “Su altında üzən Simurq” xalçası təqdim edilib – FOTO

ByYenigun.news

İyn 17, 2022

2022-ci il 14-30 iyun tarixlərində davam edəcək okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisi çərçivəsində Azərbaycanın “Su altında üzən Simurq” xalçası təqdim edilib.

Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Məlumata görə, sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, BMT-nin Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

İyunun 14-də sərginin açılışında Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.

Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iki həftə davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları qlobal ekoloji problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir, ekoloji fəaliyyət üçün ictimai dəstək toplayırlar və bununla da qlobal məqsədlərə töhfə verilir.

“Mənim dənizlərim, mənim okeanlarım” (My Seas My Oceans) sərgisində müasir Azərbaycan rəssamının əsərlərindən ibarət füsunkar sərgini təqdim edən kuratorlar – “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və isveçrəli həmkarı Viktoriya Dzodziev gələcək nəsillər üçün dünyanın ağciyərləri olan su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayırlar.

Sərginin nümayiş olunan əsas və diqqət çəkən eksponatlarından biri də “Su altında üzən Simurq” xalçasıdır. Xalça Leyla Əliyevanın eyniadlı əsəri əsasında toxunub və xalçanın çeşnisi “Azərxalça” ASC-nın rəssamları tərəfindən yaradılıb.

“Su altında üzən Simurq”un toxunmasına “Azərxalça” ASC-nın Nardaran emalatxanasında start verilib. 3×2 ölçüdə, ümumilikdə 6 kvadratmetr olan xalçanın toxunmasında dörd toxucu xanım iştirak edib. Xalçanın əsas rəngləri ağ, qara və tünd-göy rənglərdir. Toxunması üç ay davam edən xalça ərsəyə gəlməsində əməyi keçən bütün əməkdaşların iştirakı ilə kəsilərək emala göndərilib.

Sərgidə tamaşaçıların ən çox diqqətini cəlb edən əsərlərdən olan əsl əl işi Azərbaycan xalçası “Su altında üzən Simurq” gözəlliyi ilə həm xaricdə yaşayan azərbaycanlıların, həm də sərgiyə baş çəkən yerli tamaşaçıların zövqünü oxşayıb.

Sağlam ətraf mühitin mühafizəsində və davamlı inkişafın təmin edilməsində qlobal birliyin üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və növlərin nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, davamlı inkişafın ekoloji ölçüləri haqqında maarifləndirmə imkanlarının təşviq edilməsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir