Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva dünən Fransanın özəl radiosu olan “Sud Radio”ya müsahibə verib. Diplomat bu müsahibə vasitəsilə Azərbaycanın ədalətli mövqeyini Fransa ictimaiyyətinə çatdırıb.
Bildiyiniz kimi, bir gün əvvəl Leyla Abdullayeva iyunun 13-də Fransanın “Le Figaro” qəzetində respublikaçı deputatların dərc etdiyi məqaləyə açıq məktubla cavab verib.
Xatırladaq ki, “Le Figaro” öz saytı və qəzetində “Sağçı respublikaçıların Dağlıq Qarabağa dəstək çağırışı” başlıqlı məqalə dərc etmişdi. Sənəd 170-dən çox respublikaçı deputat tərəfindən imzalanıb. Yazıda Qarabağda baş verən hadisələrlə bağlı yalan məlumatlar yer alıb.
Leyla Abdullayeva yazıya dərhal reaksiya verib və səfirin mövqeyini Fransanın tanınmış “L’Opinion” qəzeti dərc edib. Diplomatla “Sud Radio”nun jurnalisti arasında söhbətin əsas mövzusu da bu olub.
“Fransa deputatlarının erməni xalqının həyati və milli maraqlarına xələl gətirən bəzi radikal və millətçi qrupların seçki təzyiqinə tabe olması demokratiya və sülh üçün təhlükəlidir”, – o, cavab məktubunda qeyd edib.
Səfir “Sud Radio”nun efirində öz sözlərini təkrarlayıb.
Azərbaycanın “etnik təmizləmə siyasəti” aparması ilə bağlı ittihamlara cavab olaraq səfir məlumat verib ki, əksinə, Azərbaycan əhalisi həm Qarabağda, həm də onun ətrafında buna məruz qalıb. Səfir əlavə edib ki, Ermənistanda yaşayan azərbaycanlılar da etnik təmizləmə və təqiblərə məruz qalıblar.
“44 günlük Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, 30 ildir işğal altında olan torpaqlarını azad etdi və indi Ermənistana sülh təklif edir. Ölkəmiz işğaldan azad edilmiş və demək olar ki, tamamilə dağıdılmış ərazilərin bərpası ilə məşğuldur”, – o vurğulayıb.
Azərbaycanlılarla ermənilərin birgə yaşayıb-yaşamayacağından danışan Leyla Abdullayeva suala müsbət cavab verib.
“Birincisi, onlar vaxtilə artıq Qarabağda birgə yaşayıblar. İkincisi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli dövlətdir, burada bütün millətlərin nümayəndələrinin hüquqlarına hörmət edilir və qorunur. Biz Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab edirik, ona görə də onlar Azərbaycan vətəndaşının bütün hüquqlarından istifadə edəcəklər. Fransa siyasi elitasının bir sıra nümayəndələrinin tutduğu mövqe əslində Ermənistanın özünün mövqeyi ilə ziddiyyət təşkil edir, çünki Ermənistan Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır. Fransa siyasi elitası isə erməni diasporunun rəsmi olmayan mövqeyinə sadiqdir. Söhbət Fransanın erməni əhalisinin kompakt yaşadığı rayonlardan seçilən senator və deputatlardan gedir. Aydındır ki, seçilənlər seçicilərin səslərindən asılıdır, ortada seçki asılılığı və siyasi korrupsiya var. Hər şeyə baxmayaraq, Azərbaycan öz həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmağa davam edəcək”, L. Abdullayeva bildirib.