• Ça. Noy 26th, 2024

Londondakı səfirliyimizə şəriətsevərlərin hücumunun pərdəarxası – TƏHLİL + FOTO

ByYenigun.news

Avq 5, 2022

Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına “Mehdinin xidmətçiləri” adlı təşkilatın üzvləri hücum ediblər.

“Mehdinin xidmətçiləri” bu zamana qədər Azərbaycan faktoruna müraciət etməyiblər, ən azından, açıq mənbələrdə onların fəaliyyətinə dair məlumatların analizi belə deməyə əsas verir.

“Mehdinin xidmətçiləri”nin lideri küveytli Yasir əl-Həbibdir və onun Britaniyada aktiv fəaliyyəti mövcuddur, dini-ideoloji sahədəki tezisləri İranın siyasi şiəlik xətti ilə ziddiyyət təşkil edir.

Hərçənd ki, Yasir İranın dini-ideoloji hərəkatının mərkəzi olan Qumda təhsil alıb və onun şiəliyə dair konseptual baxışları heç də Tehranın xəttindən fərqlənmir.

Mübahisə yaradan məqam Yasirin ideyalarının İranın ali dini lideri Seyid Əli Xameneiyə qarşı çevrilməsidir, Yasirin bu ideallarının formalaşmasında Qumdakı iraqlı müəllimi Ayətullah Məhəmməd Rza Şirazinin böyük əməyi olub.

Şirazilər nəsli nüfuzludur, onların ideoloji xətti İraqda, Küveytdə, Bəhreyndə formalaşıb. Yaxın Şərq regionundan uzaq olan Britaniyada da onlar kök atıblar və burada onların tərəfdarları Yasirin çətiri altında iş aparırlar.

İrana qarşı tutulan sərt xətt səbəbilə Tehran onların Səudiyyə Ərəbistanından maliyyə almasını istisna etmir.

Yasir əl-Həbibin ideoloji hərəkət trayektoriyası Britaniyadakı digər müsəlmanlar tərəfindən heç də xoş məramla qarşılanmır. Buna görədir ki, Yasirin ssenarisi ilə çəkilən “Cənnətin xanımı” filminə qarşı Britaniyada aksiyalar keçirilib.

“Mehdinin xidmətçiləri”nin Londondakı aktivliyinin Azərbaycan səfirliyinə hücum həddinə çatması istər-istəməz Azərbaycandakı milli-dini inanc sistemini böyük siyasi maraqlar çərçivəsində şəkilləndirməyi hədəfləyənlərin maraqlarını yeni mərhələyə daşıdıqlarını göstərir.

Hərçənd ki, “Mehdinin xidmətçiləri”nin Azərbaycanda özəkləri yoxdur, İranın dini-ideoloji planlarının iflasa uğraması fonunda yaranan boşluğu doldurmağa can atmaq meyilləri formalaşır.

(Yasir əl-Həbib)

“Mehdinin xidmətçiləri” də özlərini oyunun içərisinə salıblar və aldıqları təlimatlarla Azərbaycanda uzantı yaratmağa çalışırlar.

Hərçənd ki, İranla sövdələşmənin mümkünlüyü versiyasını da kənara tullaya bilmərik. Niyə?

Hər nə qədər İranın dini-siyasi rəhbərliyi ilə “Mehdinin xidmətçiləri” arasında ixtilaflar və “müharibə” olsa da, müvəqqəti əməkdaşlıq platformasının ortaya çıxması qaçılmazdır.

Nəzərdən qaçırmaq olmaz ki, İranın bütün şiə qruplaşmalarına çıxışı var, bunu uzun illərdir aparılan siyasət nəticəsində təmin edə bilib.

Azərbaycandakı dini mühiti öz maraqlarına uyğunlaşdırmaq istəyərək hərəkat formalaşdırmaq istəyən qüvvələr olub, amma dövlətin siyasəti, xalqın dirənişi, hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində radikalizmi bərqərar etmək istəyənlər öz məqsədlərinə çata bilməyiblər.

Londondakı səfirliyə hücum isə Azərbaycana dini-ekstremist, radikal qruplaşmalar üzərindən yeni təhdidlər yaradıldığını göstərir.

Yəni dini-ideololoji təhlükəsizlik məsələsini Azərbaycanın ortaya qoyduğu model xəttindən çıxarıb onu məkrli məcralara yönəltmək cəhdləri aradan qalxmayıb.

NƏTİCƏ:

Azərbaycandakı şiə kontingentinin növbəti dəfə tərəflərə çəkilməsi uğrunda mübarizə gedir.

İran da, yasirçilər də Azərbaycanda guya dindarların sıxışdırılması qənaətini həm ayrıca, həm də birgə işlə yaratmağa çalışırlar.

Təhrif edilmiş bu ideya İrana nisbətdə yeni deyil, amma siyasi üfüqlərdə yasirçilərin də həmin ideyalarla zühur etmələri ideoloji cəbhədə təxribat fəaliyyətini genişləndirəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir