• Ça. Noy 26th, 2024

Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli – FOTO

ByYenigun.news

May 5, 2024




Fransa Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində beynəlxalq aləmdə nüfuzunu, təsir imkanlarını itirməkdədir. İndi də əzəli və əbədi rəqibi Almaniya ilə münasibətlərində ciddi problemlər yaşanır. Qonşu Almaniya ilə yüz ildən artıqdır davam edən rəqabət son illər özünü daha qabarıq göstərir. Avropa İttifaqının iki qüdrətli dövləti arasında münasibətlər xüsusilə Ukrayna məsələsi üzündən gərgindir. Parisin NATO-nun Ukraynaya qoşun göndərməsi təklifinə Berlinin mənfi cavab verməsi iki ölkə rəsmiləri arasında üstüörtülü atmacalara rəvac verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün görüşmək qərarına gəliblər. Mayın əvvəlində Fransa xarici işlər naziri Stefan Sejurne, ayın sonunda isə prezident Emmanuel Makron Almaniyaya səfər edəcək. Fransa XİN rəhbəri “Welt” qəzetinə deyib: “May ayı Fransa-Almaniya münasibətlərinin kulminasiya nöqtəsi olacaq. Emmanuel Makron Almaniyaya dövlət səfəri ilə gedəcək”. 

Xatırladaq ki, Fransanın hazırkı prezidentinin təklifi ilə 2019-cu ildə Fransa ilə Almaniya arasında əməkdaşlıq və inteqrasiya haqqında saziş imzalanmışdı. Ölkələr təkcə siyasətdə deyil, həm də iqtisadiyyat və müdafiə sahələrində də ikitərəfli əməkdaşlıq etmək öhdəliyi götürüblər. Lakin işlər rəvan getmir. Problemlər təkcə ciddi siyasi və iqtisadi çağırışlarla bağlı deyil. Onların kökündə keçmiş kansler Angela Merkelin gedişi və Ukrayna böhranının kəskinləşməsi durur. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Makronun ard-arda gələn məsuliyyətsiz bəyanatları

Fransa liderinin bundan əvvəlki NATO qoşunlarının Ukraynaya yeridilməsi ilə bağlı təklifinə Berlin etiraz edib. Fransa prezidenti də buna “Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir”, – deməklə cavab verib. Bu cavab Berlində “təhqir” kimi qəbul edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona verdiyi cavabda “bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur”, – deyib. 

Makronun bəyanatı Almaniyanı təxribata çəkməyə hesablanıb. Amma almanlar təhqir olunsalar belə, Makrondan fərqli olaraq, cavabı ağılla verirlər. Berlin Avropanın diplomatik sükançısı rolunu Parisin əlindən almaq istəyir. Böyük Britaniya da Fransanı bir dövlət kimi çökdürməyə çalışır və buna müəyyən dərəcədə nail də olur. 

Paris və Berlini üz-üzə qoyan ölkə

“DW” nəşrinin məlumatına görə, Almaniya hökuməti Moskvaya qarşı Avropa sanksiyalarının 14-cü paketinə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına idxalına embarqo qoyulması təklifini dəstəkləyib. Almaniyanın iqtisadiyyat naziri Robert Habek Berlinin mövqeyini təsdiqləyib: “Bəli, mən bunu dəstəkləyirəm, Almaniyanın artıq Rusiyanın mayeləşdirilmiş təbii qazına ehtiyacı yoxdur”. Rusiya hazırda Aİ ölkələrinə LNG tədarükünə görə ABŞ-dən sonra ikinci yerdədir. Onun ümumi idxalda payı 16 faiz təşkil edir.

Bəs Almaniya ilə Fransa arasındakı bu gərginlik nə ilə yekunlaşacaq? Müşahidəçilər hesab edirlər ki, əslində iki ölkə arasında gərginlik daha çox Birləşmiş Ştatların maraqlarına xidmət edir. Bu ölkə hər vəchlə Avropanın Rusiyadan qaz asılılığını azaldıb, boşalmış mövqeyi özü tutmağa çalışır. Bu yolla da ABŞ Avropa üzərində siyasi nəzarətini daha da gücləndirməyi hədəfləyib. 

Makron Avropada dominant olmağa çalışır

“The Telegraph” qəzeti Yelisey sarayındakı və Bundestaqdakı mənbələrə istinadən yazır ki, Emmanuel Makron həm beynəlxalq, həm də ölkə daxilində dəyişən siyasi mənzərə fonunda Avropada dominant qüvvə kimi görünmək istəyir. Nəşr yazır ki, “Makron Avropa siyasətinin franko-alman “mühərrikinə” açar atan daha ehtiyatlı Almaniya kansleri Olaf Şoltsla hakimiyyət uğrunda mübarizə aparır. Mübarizənin kökündə isə Fransa prezidentinin birdən-birə Ukrayna göyərçinindən şahinə çevrilməsi durur”. Nəşrin mənbəsinin sözlərinə görə, Fransa prezidenti Ukrayna ilə bağlı Avropanın strateji lideri rolunu bərpa etmək niyyətində olub. Mənbə əlavə edib: “Biz əsl franko-alman duelinin ortasındayıq”.

Beləliklə, Makronun səfəri kəskin siyasi ziddiyyətləri minimuma endirmək cəhdi kimi görünə bilər. Ancaq heç kimin bu barədə xüsusi illüziyaları yoxdur. Şolts Makronun şəxsi dostluq münasibətləri saxladığı və demək olar ki, hər gün yazışdığı Angela Merkeldən fərqlidir. Fransanın “Fiqaro” qəzetinin səfər ərəfəsində yazdığı kimi, qonşu ölkələr arasında “donmuş münasibətlər” – geostrategiyada köklü dəyişikliyin nəticəsi – çoxdan başlamış və Avropanın simasını dəyişməyə məhkum olan “qitə sürüşməsi”dir. Ən gözəl şərhi isə “Neue Zurcher Zeitung” qəzetinin analitiki Ulrik Spek səsləndirib: “Əsl səbəb odur ki, bu ölkələrin hər ikisi Avropa İttifaqında ilk skripkanı çalmaq üçün yarışır”. Ümumilikdə isə Fransanın bugünkü siyasəti reallığa uyğun deyil. Afrikada itirilən mövqelər, Almaniya ilə ciddi fikir ayrılıqları ölkəni ciddi problemlərə sürükləyir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir