• C. Noy 22nd, 2024

Məzahir Əfəndiyev: “31 mart soyqırımı bəşər tarixinin ən qanlı faciələrindən biridir”

ByYenigun.news

Mar 31, 2022

Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımı aktları ilə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımının qurbanı oldular. 
Azərbaycanlılara qarşı yürüdülən bu soyqırımı aktına ilk dəfə siyasi qiymət vermə cəhdi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olunmuşdur. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başladı. 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı da təsdiq etdi. 

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı.

Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olundu.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Ölkə başçısının 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü il sentyabrın 18-də açıldı.

31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Buna görə də, 31 mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər bütün soydaşlarımızın, istərsə də Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. 

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir