“Müasir, qloballaşan dünyamız Azərbaycanda bir çox sahələrdə olduğu kimi, media sahəsinin də yeniləşməsini, yeni çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması prosesinin şəffaflıqla həyata keçirilməsini diktə edir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahr Əfəndiyev deyib.
O bildirib ki, ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olub:
“Tarixən söz azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.
Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 148-ci ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”ni nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi”.
Deputat keçən müddət ərzində Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçdiyini qeyd edib:
“Bu gün yeniləşən dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar Azərbaycanda jurnalistika fəaliyyətinin, mövcud informasiya portallarında, innovativ platformalarda işin təşkilinin daha nizamlı olmasını zəruri edir. Bu baxımdan media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Uzun illərdən sonra ölkədə “Media haqqında” yeni qanun layihəsi işlənilmiş, hazırlanmışdır. Qanun layihəsinin qəbulu Parlamentdə kifayət qədər geniş müzakirə olunmuş, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirilmişdir. Milli Məclis tərəfindən hərtərəfli olaraq nəzərdən keçirildikdən və üç oxunuşdan sonra Qanun Prezident İlham Əliyev tərəfindən imzalanıb”.
Məzahir Əfəndiyev yeni qanunun Azərbaycan jurnalistikasının tarixinə və jurnalistlərimizin sosial rifahına, məişət problemlərinin həllinə hədəflənərək onların fəaliyyətinin daha səmərəli, nəticəli etmək məqsədi daşıdığını deyib:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür.”
Görülmüş işlər nəticəsində istər mavi ekranlarda, sosial şəbəkə platformalarında, bloqerlik fəaliyyətində, istərsə də ənənəvi jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq. Bu, öz növbəsində, bir tərəfdən əlavə müxalif fikirlər yaradır, digər tərəfdən isə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bu sahədə nizam-intizamın yaradılmasına köməklik göstərir.
Azərbaycan jurnalistləri eyni zamanda hərbi jurnalistikada da yeniliklərə imza atıblar. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan jurnalistləri döyüş bölgəsində baş verən hadisələrin, Azərbaycan həqiqətlərinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırılması işində öz həyatlarını təhlükəyə atdılar, şiddətli döyüşlərin getdiyi ərazilərdə 24 saat fəaliyyət göstərərək ağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirdilər.
Qeyd edim ki, bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələrində, eyni zamanda postmüharibə dövründə canından keçmiş, qəhrəmancasına şəhid olmuş jurnalistlərimiz var. Onların əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən ehtiramla anılır.
Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir və bu çətin, şərəfli işi Azərbaycanda çoxsaylı jurnalist ailəsi həyata keçirməkdədir. Beləliklə, Azərbaycan mediası ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, çətin transformasiya dövründə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini bundan sonra da gücləndirməlidir”.