“Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmaması, Cənubi Qafqazda davamlı sülhün əldə olunmaması üçün bütün mümkün, hətta bir dövlət başçısına, siyasət adamına yaraşmayan, xalqını və dövlətini kiçildən bütün vasitələrdən istifadə edir”.
Bu fikirləri Oxu.Az-a Fransa prezidenti Emmanuel Makronun Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü və irəli sürdüyü iddialarla bağlı danışarkən deputat Azər Kərimli deyib.
O qeyd edib ki, Makronun fəaliyyəti, həm də Fransanın da təmsil olunduğu Avropa İttifaqının səylərinə qarşı yönəlib:
“Kişinyovda keçirilən görüşdən sonra Emmanuel Makronun Murad Papazyanla əlaqə saxlayaraq hesabat verməsi də bunu sübuta yetirir. Fransa mətbuatının yazdığına görə, Makron Papazyanla telefon söhbətində bildirib ki, Kişinyovda Ermənistanın maraqlarını yalnız o qoruyub. Nə Şolts, nə də Şarl Mişel səslərini belə çıxarmayıblar. Bu fakt Emmanuel Makronun Avropa İttifaqı daxilində sabotaj apardığını, dedi-qodu ilə məşğul olduğunu, Papazyana telefon vasitəsilə hesabat verəcək qədər kiçildiyini bir daha təsdiqləyir.
Bu yetərli deyilmiş kimi, Fransa prezidentinin bir neçə gün öncə Yelisey sarayında Murad Papazyana canlı hesabat verməsi, getdikcə öz xalqının daha çox nifrətini qazanan Makronun erməni diasporunun ümidinə qaldığını sübuta yetirir.
Amma nə Makronun erməni sevgisi, nə də papazyanlar qarşısında götürdüyü öhdəliklər Cənubi Qafqazdakı reallıqları dəyişə bilməyəcək. Necə ki bu günədək dəyişdirə bilməyib. Fransanın bütün nüfuzlu beynəlxalq platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə həyata keçirdiyi qərəzli siyasəti, Prezident İlham Əliyevin qətiyyəti, prinsipial mövqeyi, beynəlxalq nüfuzu nəticəsində iflasa uğrayıb, bundan sonra da iflasa uğrayacaq”.
Aysel Aslan