“Fransa xalqı Emmanuel Makron kimi ermənidən betər ermənini, erməni lobbisinin hakimiyyətə gətirdiyi şəxsi prezident kimi qəbul edəndə öz başına gələcəklərə hazır olmalı idi”.
Bu fikirləri Oxu.Az-a Fransadakı iğtişaşların səbəbləri və Makronun yarıtmaz idarəçiliyi haqqında danışarkən deputat Elman Məmmədov deyib. O qeyd edib ki, Fransada qanunsuzluq, antidemokratik hərəkətlər, islamofobia, qeyri-millətlərdən, qeyri-dinlərdən olanlara qarşı dözümsüzlük Makronun dövründə pik həddə çatdı:
“Fransanın özünün siyasəti də tarix boyu adekvat olmayıb. Bu dövlətin Şimali Afrikadan, Hind-Çin yarımadasından, bir çox uzaq sahillərdən başlayan müstəmləkəçilik siyasəti tarixin ən bərbad səhifələridir. Həmin ölkələrdən olan xeyli insan Fransada yaşayır, Fransa vətəndaşıdır. Onlar haqlarını tələb edirlər. Fransa prezidentinin həmin vətəndaşlarına qarşı dözümsüzlüyü, haqsızlığı insanların küçələrə axışmasına səbəb olub. Dövlət hüququ pozulmuş insanların xeyrinə heç bir əhəmiyyətli addım atmır.
Düşünürəm ki, Fransada başlayan xaos, iğtişaşlar təkcə Fransa ilə yekunlaşmayacaq. Digər qonşu dövlətlərə də bu etirazların keçmək ehtimalı çoxdur.
Fransız olmayanlara qarşı ədalətsizliklər, məscidlərin yandırılması, Qurani-Kərimin təhqir olunması, qeyri-xristianlara qarşı addımlar narazılıqların böyüməsinə gətirib çıxarır. Fransa kimi dövlətə ağıllı, müdrik siyasətçi rəhbərlik etməlidir. Erməni əli ilə seçilən Makron fransız xalqı üçün müsbət qərarlar verə bilməz.
Fransız xalqı etirazları gücləndirməli, Makronun hakimiyyətdən getməsi tələbini qoymalıdır. Makron istefa verməli, Fransada növbədənkənar prezident seçkiləri keçirilməli, adekvat şəxs ölkə rəhbərliyinə gəlməlidir. Makronun yeri isə səriştəsiz siyasətinin, etdiyi haqsızlıqların, zülmün, cinayətlərin nəticəsi olaraq məhkəmə olmalıdır”.
Aysel Aslan